
Bakı. Trend:
Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən
əsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin
respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait
hesab olunur.
Trend xəbər
verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti,
infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində
fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların
olduğu bildirilir:
“Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış
mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral
aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə
səbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlar
daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan
istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az
hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun
kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən bağlı məkanlarda
insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da
yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd
etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı
daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət
asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq
məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili,
bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların
istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə
qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola
bilər:
“Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən
mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə,
xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də
xəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdə
bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma
nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol
oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa
çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində
əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər
kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək
lazımdır.
Bundan başqa, qidalanmamıza diqqət etməliyik. Çünki qış fəslində
təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida
maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır.
Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi
çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti
zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim
seçilməlidir.
Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ
kəskin respirator virus infeksiyaları üçün keçərlidir”.
T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı
gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun
spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan
çıxarmaq olmaz:
“Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir,
yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da
xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa
müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə
hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və
kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə
peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri
ərazisində xidmət göstərən ambulator-poliklinik tibb
müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz
olaraq peyvənd olunurlar.
Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm
özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə hər birimizin
məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına,
səbəb olacaq”.

