
Bakı. Trend:
Azərbaycanda qohum evliliklərinin qadağan edilməsi ilə bağlı
qanun layihəsinin müəlliflərindən biriyəm.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II
Forumu çərçivəsində baş tutan “Qadınların sosial və mənəvi
inkişafında dini icmaların rolu” mövzusunda paneldə çıxışı zamanı
deyib.
“Biz bir il vaxt qoyduq ki, görək insanlar buna necə reaksiya
verəcək. Bütün il boyu reaksiyaları izləyirdim. Etiraz edən azsayda
insan oldu. Əksəriyyət bildirdi ki, nə yaxşı ki bu qanun qəbul
edildi. Mənim yanıma nə qədər insan gəlir, biz onların bu
istiqamətdə problemləri ilə məşğul oluruq. Mənim yanıma elə ailələr
gəlir ki, övladda 7-8 xəstəlik olur.
Bir çox Avropa ölkəsində qohum evlilikləri səbəbindən genetik
kod, demək olar ki, məhv olub. Ona görə də onlar başqa ölkələrdən
uşaqlar gətirib qanı dəyişirlər”, – o əlavə edib.
Onun sözlərinə görə, ailədə problem olduqda kişilər aradan
çıxır, qadınlar tək olur, onların yanında olmaq işi dövlətin
üzərinə düşür:
“Niyə gözləməliyik ki, hansısa ölkə bununla bağlı qanun qəbul
etdin? Bəlkə, biz kiməsə nümunə olmalıyıq? Mərkəzi Asiyada mən bu
qanun qəbulundan danışanda bütün zal ayaqüstə məni alqışladı.
Hörmətli axundlarımız öz icmalarında aliment verməyən kişilərlə
bağlı məsələləri qaldırmalıdırlar”.

