
Bakı.Trend:
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri
videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən
saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali,
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə
məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər
verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2
il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, avqustun 17-də Azərbaycana 5 günlük turist kimi
gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər
etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları
barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

