
Bakı. Trend:
Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin
olunub. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) məlumat verilib.
Trend xəbər verir ki, bu
barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun
yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu
tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan
Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su
layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili
Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov,
Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin
İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və
qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin
regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub
ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə
təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr
növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan
əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə
təmin edilməsidir.
Qeyd olunub ki, Muğan qəsəbəsində 5 843 nəfər əhali məskunlaşır.
Qəsəbənin günlük su tələbatı 1 200 m³ təşkil edir. Kür–Bakı
magistral su xəttindən ayrılmış, uzunluğu 5 000 metr olan ana xətt
və 20 km müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan
qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su
ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün
abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 km təşkil
edir.
Bildirilib ki, Hacıqabul rayonunda 2026-cı ildə tikintisi
planlaşdırılan Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci
Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə işlər görüləcək. Bu ərazilərin ümumi
əhali sayı 7 184 nəfərdir. Həmçinin əhalisi 3 192 nəfər və 820
təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su
şəbəkəsinin çəkilişi planlaşdırılır.
Qeyd edək ki, Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı
İdarəsi rayon ərazisində ümumilikdə 11 256 abonentə içməli su
xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu
225 km-dir. Rayon ərazisində 2 500 m³ su tutumuna malik bir ədəd su
anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti
göstərilir. Şəhərin özündə isə 5 905 abonent mövcuddur. İçməli su
təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Sonda çıxış edən Muğan qəsəbəsinin sakinləri göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.

