Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı
reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus
sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş
lövhənin açılış mərasimi keçirilib.

Azərbaycanın Moskvadakı səfirliyindən Trend-ə verilən məlumata
görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin
rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev,
Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri
Qalas Taymasxanov, respublikanın hökumət və parlament
nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak
ediblər.

Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının
həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin
təzahürü olduğunu vurğulayıb.




Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun
tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda
yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının
Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət
ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları
arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi
köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O
bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və
xalqlar arasında etimadın qorunmasının vacibliyini daim
xatırladacaq.

Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə
diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən
ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə
lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun
rəmzinə çevriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir