Gələn il üzrə pul siyasətinin məqsədi və çərçivəsi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Mərkəzi Bankın pul siyasəti “2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş
makroiqtisadi sabitlik və dayanıqlılıq prioritetlərinin
reallaşmasına yönəldiləcəkdir. Əsas məqsəd inflyasiyanın hədəf
daxilində saxlanılması olacaq. Pul siyasəti çərçivəsinin
təkmilləşdirilməsi istiqamətində də islahatlar davam
etdiriləcək.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.

Qeyd edilib ki, pul siyasətinin hədəfi növbəti ildə də illik
inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq. Əvvəlki
illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət
Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri
indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi
artımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının,
həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün
vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun
alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici
valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa
kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki
dəyişikliklərə davamlılığını artırır.

Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cı
ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəf
diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit
təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları
da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını
göstərir.

Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəfli
təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb
yeniləyəcəkdir. Eyni zamanda əhali və müəssisələr arasında
keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes
subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam
etdiriləcəkdir.

Mərkəzi Bank növbəti ildə də pul siyasətinə dair qərarlar
verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək
daxili və xarici amilləri, habelə riskləri hərtərəfli
qiymətləndirəcəkdir. Ümumilikdə, son illərdə inflyasiyanın risk
balansında xarici amillərin payı əhəmiyyətli artmışdır.
Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı
gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki
qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı
qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici
risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə
bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və
nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili
risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına
formalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskal
çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu
tələbin izafi artımı riskini azaldır.

Mərkəzi Bank daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq
makroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativ
ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcəkdir. Bu da
inflyasiya risklərinin reallaşdığı təqdirdə çevik siyasət
reaksiyasını təmin edəcəkdir.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata
keçiriləcəkdir. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca
lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə
balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta
bazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlara
görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd.
ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində
gözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyuta
ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və
onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə
saxlayacaqdır.




Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş
verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki
dəyişikliklər nəzərə alınacaqdır. Alətlərin istifadəsi pul
siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin
neytrallaşdırılmasına xidmət edəcəkdir.

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının
artırılması 2026-cı ildə də diqqətdə saxlanılacaqdır.

Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model
aparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmadi
təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitik
dərinliyi artırılacaqdır. Pul siyasəti qərarlarının qəbulunda
nəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat model
nəticələrindən istifadə artırılacaqdır. Böyük verilənlərin daha
səmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqinin
genişləndirilməsi Mərkəzi Bankın prioritet istiqamətlərindən biri
olacaqdır.

İqtisadi subyektlərin gözləntilərinə və davranışlarına təsir
etmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də
diqqət mərkəzində olacaqdır. Kommunikasiya fəaliyyətləri
makroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığın
artırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşı
anlaşılmasına, Mərkəzi Banka inamın möhkəmləndirilməsinə və
şəffaflığın təmin edilməsinə xidmət edəcəkdir. Kommunikasiyada
başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media,
akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və
geniş ictimaiyyət olacaqdır. 2026-cı ildə öncədən ictimaiyyətə
açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına
dair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfransları
keçiriləcəkdir. Rüblük əsasda analitik icmalların açıqlanması davam
etdiriləcəkdir. İctimaiyyətin məlumatlılığının və maliyyə
savadlılığının artırılması istiqamətində sosial media
platformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiq
olunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaqdır.

Mərkəzi Bank makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrə
qərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasət
parametrlərini nəzərə alacaqdır. İqtisadi Şura qarşıdakı ildə də
təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində
əsas və vacib rol oynayacaqdır.

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri,
xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam
etdiriləcəkdir. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o
cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə
həyata keçiriləcəkdir. Ölkədə maliyyə dərinliyinin artırılması,
maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin
genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və
maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər
olacaqdır.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və “yaşıl
maliyyə təşəbbüsləri”nin dəstəklənməsi məsələləri diqqətdə
saxlanılacaqdır. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına,
iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri
üzrə qiymətləndirmələr davam etdiriləcəkdir.

Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət
məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin
hazırlanması üzərində işlər davam etdiriləcəkdir. Bu işlərə
prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial
risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru
üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq
planının hazırlanması daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir