Gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Mərkəzi Bank pul siyasətinin hədəflərinə nail olmaq
üçün sərəncamında olan bütün alətlərdən çevik və adekvat istifadə
edəcək. Pul siyasəti qərarlarının real iqtisadiyyata ötürücülüyünün
artırılması məqsədilə köməkçi pul siyasəti lövbərinin (AZIR)
təsirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam
etdiriləcək.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.

Qeyd edilib ki, 2026-cı ildə də qiymət sabitliyinin başlıca
lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi
banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar
əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək. Mərkəzi
Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta
satışları üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir.
Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi)
arasında effektiv koordinasiya valyuta bazarının tarazlı
fəaliyyətinə dəstək verəcək.

2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi
mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli
faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə
ediləcəkdir. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın
faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank
arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə
edəcəkdir. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz
göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol
verilməyəcək və onun Mərkəzi Bankın uçot dərəcəsinə yaxın səviyyədə
hərəkətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə daimi imkan
alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq
ediləcəkdir.

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında
faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir.
Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo
əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz
dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə
bərabər olacaqdır.




Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif
müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar
keçiriləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankın
İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaqdır.

Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq
olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən
açıqlanacaqdır. Açıq bazar əməliyyatlarının istiqaməti
(sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik
mövqeyindən asılı olaraq müəyyənləşdiriləcəkdir. Açıq bazar
əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair
qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və
likvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildə
veriləcəkdir. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq
bazar iştirakçılarına kommunikasiya ediləcəkdir.

Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm
monitorinqi və proqnozlaşdırılması davam etdiriləcəkdir.
Likvidliyin monitorinqi və proqnozlaşdırılması sahəsində fiskal
orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi
nəzərdə tutulur.

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının
inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davam
etdiriləcəkdir. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank
ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcəkdir. Qeyd olunan
istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin
diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə
iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da
gücləndirəcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir