“S&P” SOCAR-ın reytinqi üzrə proqnozu “müsbət”ə yüksəldib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqi üzrə
proqnozunu “stabil”dən “müsbət”ə yüksəldib və reytinqi “BB”
səviyyəsində təsdiqləyib

Trend bu barədə “S&P”yə istinadən xəbər verir.

Agentliyin qeyd etdiyinə görə, qərar SOCAR-a dövlət dəstəyinin
çox yüksək ehtimalını əks etdirir və Azərbaycan üzrə suveren
reytinq proqnozunun analoji şəkildə yaxşılaşdırılmasından sonra
qəbul edilib.

“S&P” vurğulayır ki, müsbət proqnoz bir sıra amillərlə
şərtlənir. İlk növbədə, sülh nizamlanmasına doğru irəliləyiş
fonunda Azərbaycan və Ermənistan arasında gərginlik əhəmiyyətli
dərəcədə azalıb, həmçinin hər iki ölkənin 2026-cı il büdcələrində
müdafiə xərcləri ixtisar olunub. Bu dəyişikliklər münaqişənin
yenidən alovlanması risklərini azaldıb və mövcud tendensiyanın
qorunacağı təqdirdə, investor etimadını dəstəkləyə, Cənubi Qafqazda
regional ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşması hesabına
orta müddətli iqtisadi artımın daha dayanıqlı olmasına töhfə verə
bilər.




Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ARDFN)
əhəmiyyətli aktivləri ilə təmin olunan olduqca möhkəm fiskal və
xarici buferlərə malikdir. “S&P” hesabatında bildirilir ki,
dövlət idarəetmə sektorunun aktivləri üzrə davamlı müsbət saldo və
dövlət borcunun aşağı səviyyəsi şokların udulması üçün böyük
dayanıqlıq ehtiyatı yaradır və iqtisadiyyata karbohidrogen
qiymətlərinin dəyişkənliyini yumşaltmaqla makroiqtisadi sabitliyi
qorumağa imkan verir.

Reytinq agentliyi geosiyasi risklərin azalacağı və fiskal
ehtiyatların qorunacağı halda, orta müddətli perspektivdə
Azərbaycanın kredit göstəricilərinin daha da yaxşılaşacağını
gözləyir.

“Rəsmi sülh sazişi hələ imzalanmasa da, son öhdəliklər və
onların icrası istiqamətində atılan ilk addımlar son onilliklər
ərzində ikitərəfli münasibətlərin ən konstruktiv mərhələsini
tərənnüm edir və investisiya mühitini yaxşılaşdıra, iqtisadi artım
potensialını artıra bilər”, – “S&P” qeyd edir.

Xatırladaq ki, 12 noyabr 2025-ci il tarixində “S&P” SOCAR-ın
reytinqini “BB-”dən “BB” səviyyəsinə yüksəltmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir