
Bakı. Trend:
Cari ilin yekunlarına əsasən, Azərbaycan ilə Çin arasında olan
ticarət dövriyyəsində yeni tarixi rekord qeydə alınacaq.
Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli
münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, cari ilin yanvar–oktyabr aylarında
iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,44 milyard ABŞ
dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
21,9 faiz çoxdur.
“Bu il ikitərəfli ticarət dövriyyəsinin rekord qırdığı ardıcıl
üçüncü il olacaq. Çin Azərbaycan üçün ən iri idxal mənbəsi, eyni
zamanda ölkənin dördüncü ən iri ticarət tərəfdaşı kimi mövqeyini
qorumaqda davam edir”, – deyə Lu Mey qeyd edib.

