
Bakı. Trend:
Çin şirkətləri tərəfindən həyata keçirilən 240 meqavat gücündə
Azərbaycanın ilk irimiqyaslı külək enerjisi layihəsinin bu il
istismara veriləcəyi planlaşdırılır.
Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli
münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, Çin şirkətləri Azərbaycan ilə beş
yeni enerji layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq
sənədlərini imzalayıblar. Bu layihələrdə fotoelektrik və külək
enerjisi stansiyalarının ümumi quraşdırılmış gücü 1 570 meqavat
təşkil edəcək.
“Layihələr tam gücü ilə istismara verildikdən sonra Azərbaycanın
bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal gücü
ikiqat artacaq”, – Lu Mey qeyd edib.
O həmçinin bildirib ki, Çin şirkətləri Ələt azad iqtisadi
zonasında öz investisiyaları hesabına 3 qiqavat gücündə günəş
batareyaları istehsal edən zavod tikməyi planlaşdırırlar.
“Bu layihənin həyata keçirilməsi Azərbaycanın yüksək
texnologiyalı emal sənayesinin inkişafı üçün böyük imkanlar
açacaq”, – deyə səfir vurğulayıb.

