
Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin noyabr ayının
sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən
134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi
ilə müqayisədə 12,2 faiz çoxdur.
Bildirilib ki, ödəniş kartlarında debet kartlarının sayı 14,7%
artıb, kredit kartlarının sayı isə 6,7% azalıb.
“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət
təsir göstərib. Belə ki, noyabr ayı ərzində ölkədaxili nağdsız
əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4%
artıb. 2025-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata
keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7940 milyon manat
təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6948 milyon
manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon
manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət
terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin
əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların
həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib”, –
məlumatda vurğulanıb.

