
Bakı. Trend:
Elektron siqaretlər adi siqaretlərdən “daha az zərərli” məhsul
kimi reklam edilsə də, bu onların “təhlükəsiz” olduğu mənasına
gəlmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq
şöbəsinin müdiri Tofiq Musayev bildirib.
Heç vaxt siqaret çəkməyənlər arasında elektron siqaret
nikotin asılılığına giriş qapısı rolunu oynayır
Onun sözlərinə görə, belə iddiaların arxasında bir neçə məsələ
durur:
“Adi, yəni ənənəvi siqaret yandıqda çoxsaylı, o cümlədən toksik
və xərçəng yaradan kimyəvi maddə və birləşmələr ifraz edir.
Elektron siqaretlərdə yanma prosesi olmadığı üçün bu zəhərli
maddələrin bir qismi (məsələn, qatran və dəm qazı) ya yoxdur, ya da
daha az miqdardadır. Lakin bu, müqayisəli bir azalmadır, çünki
elektron siqaretlərin istifadəsi ilə orqanizmə daxil olan digər
maddələr kifayət qədərdir və hələ də ciddi risk daşıyır. Bir çox
elektron siqaret isə adi siqaretdən daha yüksək konsentrasiyalı
nikotin təqdim edir. Bu da asılılığı azaltmaq əvəzinə, onu daha da
dərinləşdirir. Bir çox insan elektron siqaretə tütünü tərgitmək
üçün başlayır. Lakin araşdırmalar göstərir ki, istifadəçilərin
böyük bir hissəsi həm adi, həm də elektron siqaret istifadə etməyə
davam edir. Digər tərəfdən isə, heç vaxt siqaret çəkməyənlər
arasında elektron siqaret nikotin asılılığına giriş qapısı rolunu
oynayır”.
Elektron siqaretlərin qapalı məkanlarda zərərsiz olduğu
düşüncəsi ən böyük səhvlərdən biridir
Tofiq Musayev qeyd edib ki, aromatik qoxular və tüstünün
olmaması insanlarda təhlükəsizlik hissi yaradır, lakin elmi faktlar
bunun əksini göstərir:
“İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifraz
etdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçik
hissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəng
yaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan bir
aerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüs
edilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatı
olmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Bu
ultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqda
ağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçə
bilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürək
və nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalara
səbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakı
səthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotin
və kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidən
qarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən,
uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passiv
şəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyər
inkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsir
göstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə dölə
keçərək inkişaf riskləri yarada bilər.
Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna
əsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu o
deməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalı
ictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandır
və cərimə sanksiyaları nəzərdə tutulur”.
Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyər
zədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskini
artırır
Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərini
sağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:
“Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki,
elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar və
kimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddi
xəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrə
səbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcan
təbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALI
sindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərin
tərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyə
qulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxar
vasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir.
Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin ən
dərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir və
ağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərin
oksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Bu
vəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury)
adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinə
dad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan bir
kimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçik
bronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdə
buna “popkorn ağciyər” ya da “bronxiolit obliterans” deyilir.
Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüs
çatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcı
spiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağır
metalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bu
mikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasına
yapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxili
orqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır.
Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dair
allergiyaların yaranmasına və ya belə halların, o cümlədən astma
xəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tez
müşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağız
boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də ciddi
təsirə məruz qalır”.

