
Bakı. Trend:
Auditin əlavə dəyəri dövlət maliyyə idarəçiliyində səmərəliliyi
artırır.
Bunu Trend-ə
müsahibəsində Hesablama Palatasının auditoru Cavid Bayramov
deyib.
O, əvvəlcə media məkanında mütəmadi olaraq səsləndirilən
“maliyyə nəzarəti”, “audit”, “dövlət auditi”, “kənar dövlət maliyyə
nəzarəti”, “maliyyə nazirliyinin və ya vergi orqanının yoxlamaları”
və sair bu kimi anlayışlara qısaca aydınlıq gətirib, bunların oxşar
və ya fərqləndirici xüsusiyyətlərindən danışıb: “Bu anlayışların
fərqləri barədə danışmaqdan öncə bir əsas məsələni vurğulamaq
istərdim. Belə ki, biz “maliyyə nəzarəti”nə ayrıca özü-özünü
tamamlayan bir proses kimi baxmamalıyıq, “maliyyə nəzarəti”
maliyyənin idarəedilməsi prosesinin əsas alt sistemlərindən
biridir. Bu yanaşma dövlət maliyyəsinin idarəedilməsində təbii ki,
xüsusi aktuallıq kəsb edir.
Maliyyə nəzarəti alt sistemini isə öz növbəsində konseptual
olaraq daxili nəzarətə və kənar nəzarətə bölmək olar.
Məsələyə dövlət sektoru kontekstində yanaşaq. Bu halda dövlət
daxili maliyyə nəzarəti icra hakimiyyəti sütununda yer alan və
mandatında maliyyə nəzarəti aparmaq səlahiyyəti olan dövlət
orqanlarından (Məsələn, Maliyyə Nazirliyindən, Dövlət Vergi
Xidmətindən və s.) ibarətdir.
Kənar dövlət maliyyə nəzarəti isə icra hakimiyyəti sütunundan
asılılığı olmayan, müstəqil fəaliyyət göstərən, parlamentə hesabat
verən və bütün maraqlı tərəfləri (yəni mərkəzi icra hakimiyyəti
orqanlarını və ictimaiyyəti) məlumatlandıran dövlət orqanına (bizim
halda Hesablama Palatasına) aiddir. Ona görə də təkmil təcrübələrdə
Hesablama Palatasına analoji mandatlarda fəaliyyət göstərən dövlət
qurumlarına ali audit qurumları deyilir.
“Audit” anlayışına gəldikdə qeyd etmək istərdim ki, “audit”
maliyyənin idarə edilməsi prosesinin uğurlu olmasına töhfə verən ən
vacib vasitə olmaqla özündə çoxsaylı nəzarət prosedurlarını
birləşdirir. Bir neçə əsas növü olan “audit” yekunda auditin
predmetinə aid maliyyənin idarə edilməsində hesabatlılığın,
qanunauyğunluğun, eləcə də səmərəliliyin təmin edilməsi üçün
təkliflərin verilməsi və həmin təkliflərə əməl olunmasının
izlənilməsi kimi prosedurları da özündə birləşdirir”.
C. Bayramov həmçinin qeyd edib ki Hesablama Palatası auditlərini
dövlət sektorunda aparır. O, belə olduğu halda iqtisadiyyatın real
sektoru üzərində Hesablama Palatasının təsirlərindən bəhs edib:
“İqtisadiyyatın real sektoru dedikdə təbii ki, malların istehsalı,
işlərin görülməsi və xidmətlərin (maliyyə xidmətləri istisna
olmaqla) göstərilməsi sahəsində subyektlərin fəaliyyətinin məcmusu
başa düşülür.
O da məlumdur ki, real sektorun tənzimlənməsi dövlət tərəfindən
əsasən iki istiqamətdə həyata keçirilir – 1) vergilərin və digər
icbari ödənişlərin müəyyənləşdirilməsi, 2) subyektlərin fəaliyyət
davranışlarını və iqtisadi aktivliyini və ya passivliyini
səciyyələndirən hüquqi bazanın formalaşdırılması.
Real sektorun inkişafı, iqtisadi aktivliyin və sahibkarlıq
mühitinin cəlbediciliyinin artırılması sözsüz ki, dövlətin iqtisadi
siyasətini icra edən aidiyyəti qurumların fəaliyyətinin nəticələri
ilə uğurla reallaşdırılmaqdadır.
Eyni zamanda, Hesablama Palatasının nəzarət fəaliyyətinin
əhatəsini dövlət orqanları (nazirliklər, komitələr, agentliklər və
s.), publik hüquqi şəxslər və dövlət büdcəsindən bu və ya digər
əvəzsiz əsaslarla maliyyə vəsaitləri alan dövlət mülkiyyət
mənsubiyyətli hüquqi şəxslər təşkil edir.
Auditlərin obyektləri qismində mərkəzi icra hakimiyyəti
orqanları çıxış etdikdə auditlərin nəticələrindən və həmin
orqanların funksional fəaliyyət sahələrindən asılı olaraq Hesablama
Palatası real sektorla bağlı təkliflərini və tövsiyələrini irəli
sürür”.
C. Bayramov fikirlərini konkret misallar üzərində izah edib:
“Məsələn, idxal-ixrac əməliyyatları üzərində vergi və gömrük
orqanlarının birgə nəzarətinin təşkili vəziyyətinin auditi ilə əldə
edilmiş nəticələr bilavasitə real sektor subyektlərinin
fəaliyyətinə təsir edən təklifləri irəli sürməyə imkan
vermişdir.
İlk öncə qeyd edim ki, ayrı-ayrılıqda həm dövlət vergi xidməti,
həm də gömrük komitəsi elektron informasiya sistemləri üzərindən
təkmil idarəetmə mühitinə malik nümunəvi dövlət
qurumlarındandırlar.
Bununla belə, birgə nəzarət predmeti üzrə aparılmış auditin
nəticələrinin aradan qaldırılması çərçivəsində auditlə əhatə olunan
dövrdə hesablanmamış vergilərin və gömrük ödənişlərinin real sektor
subyektlərindən yığılmasının təmin edilməsi ilə yanaşı birgə
nəzarətin daha da optimallaşdırılması baxımından bir sıra inzibati
prosedurların və reqlamentlərin auditdən sonrakı dövrlərdə
sadələşdirilməsinə də nail olunmuşdur.
Xüsusi vurğulamaq istərdim ki, mərkəzi icra hakimiyyəti
orqanlarının institusional fəaliyyətinin təkmilləşdirilməsinə böyük
töhfə Hesablama Palatası tərəfindən həyata keçirilən səmərəlilik
(performans) auditləri ilə əldə olunur.
Buna misal olaraq, bitkiçilik sahəsində yeni subsidiya
mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditini, eyni
zamanda damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin
səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditini
göstərmək olar.
Ümumiyyətlə qeyd edim ki, kənd təsərrüfatı və qida
təhlükəsizliyi sahəsinin inzibatçılığında, xüsusilə son illər
ərzində, sistem xarakterli təkmilləşmə işləri aparılmış, elektron
informasiya sistemləri yaradılmış, data bazalar formalaşdırılmış,
pərakəndəlik aradan qaldırılmaqla dövlət dəstəyinə aid qərarların
mərkəzləşdirilmiş qaydada subsidiya şurası tərəfindən kollegial
qəbul edilməsinə nail olunmuş, sistemlərin resurs təminatı
məsələlərinin həllinə diqqət artırılmışdır.
Auditlər çərçivəsində toplanmış sübutlar, həmçinin kənd
təsərrüfatı sahəsində geniş əhatəli dövlət dəstəyi mexanizmlərinin
həyata keçirilməsində idarəetmənin daha da təkmilləşdirilməsinə və
səmərəliliyin artırılmasına yönəldilmiş təkliflərin və tövsiyələrin
təqdim edilməsinə imkan vermişdir.
Belə ki, müvafiq əsaslandırmalara söykənərək təklif edilən
elektron kənd təsərrüfatı informasiya sisteminin tamamlanması,
xüsusilə dövlət xətti ilə fermerlərə göstərilən bütün xidmət
növlərinin vahid sistem üzərindən ünvanlı həyata keçirilməsi,
hesabatlılıq və ödəniş modullarının formalaşdırılması, eləcə də
vergi, gömrük və digər mərkəzi icra hakimiyyəti orqanlarının
elektron informasiya bazaları ilə inteqrasiya istiqamətlərində
zəruri işlər hələ də tam yerinə yetirilməmişdir.
Digər məsələ heyvandarlıq sahəsində iribuynuzlu və xırdabuynuzlu
heyvanların lazımi səviyyədə identikləşdirilməsinə (o cümlədən,
damazlıq heyvanların pasportlaşdırılmasına) nail olunmamasından
ibarətdir ki, bu da real sektora aid kənd təsərrüfatının
heyvandarlıq seqmentinin optimal inkişafı üçün əslində birinci
şərtdir.
Mövcud hüquqi tənzimləmə identikləşdirilmə xərclərinin
təsərrüfat mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməli
olduğunu müəyyən edir ki, bu yanaşma da uzun müddətdir ki, özünü
doğrultmur. Halbuki, damazlıq heyvandarlığın təkmil təcrübələri
identikləşdirilmənin ilkin mərhələlərdə dövlət tərəfindən
maliyyələşdirildiyini göstərir ki, fikrimcə biz də məhz bu
təcrübələrə üstünlük verməliyik.
Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və
nəticəliliyinin qiymətləndirilməsinin auditini də nümunə kimi qeyd
etmək istərdim. Audit əsasən Bakı şəhəri üzrə resurs təminatı
məsələlərinin həll olunmasını, infrastrukturun formalaşdırılmasını
və zərərsizləşdirilmə proseslərinin normal idarə olunmasını
göstərmişdir. Eyni zamanda, bu auditin də nəticələrinə əsaslanaraq
real sektorla bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Belə ki, təhlükəsiz tullantıları daşıyanların icbari
akkreditasiyası, bioloji, sənaye və tikintiyə (dağıntıya) aid
təhlükəsiz tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə
şərtlərin müəyyənləşdirilməsi, əhali və qeyri-əhali istehlakçı
qrupları üzrə vahid abonent (fərdi uçot) bazasının
formalaşdırılması, bərk məişət tullantılarının yığılması, daşınması
və zərərsizləşdirilməsi üzrə əhali və qeyri-əhali istehlakçı
qruplarından böyük məbləğlərlə ifadə olunan potensial xidmət
haqlarının rəsmi dövriyyəyə nağdsız qaydada və tam toplanılması
həyata keçirilməli olan işlərin vacib istiqamətlərindəndir.
Eyni zamanda, tullantıların yığılması, daşınması və
zərərsizləşdirilməsi üzrə müasir infrastrukturun formalaşdırılması
üçün dövlət-özəl əməkdaşlığı şərtlərinin (modellərinin)
hazırlanmasına və müsabiqələrin təşkil edilməsinə də böyük ehtiyac
var.
Təkmil təcrübələr dövlət büdcəsinin yükünün azaldılmasına və
təhlükəsiz tullantıların zərərsizləşdirilməsində müasir çeşidlənmə
üsullarına üstünlük verilməklə dairəvi iqtisadiyyata keçidin
sürətləndirməsinə məhz dövlət-özəl tərəfdaşlığı çərçivəsində nail
olmağın daha düzgün yol olduğunu göstərir”.
Auditor beynəlxalq təcrübədə rast gəlinən “audit impact”
ifadəsinin mahiyyətindən də danışıb: “Beynəlxalq standartlarda rast
gəlinən “audit impact” termini auditin təsiri və ya auditin dəyəri
anlamına gəlir. Yəni, audit obyekti aşkarlanmış nöqsanları aradan
qaldırmaqla auditin əlavə dəyərinin formalaşdırılmasına töhfə
vermiş olur. Eyni zamanda, xüsusilə də performans və uyğunluq
auditlərində Hesablama Palatası nöqsanların əhatəsinə daha geniş
baxır.
Misal üçün, dövlət mülkiyyət mənsubiyyətli hüquqi şəxslərdə
apardığımız auditlərlə əmlak, büdcə, vergi, gömrük və ya dövlət
satınalmaları sahələrinə aid nöqsan və çatışmazlıqlar aşkar
edildikdə bir qayda olaraq həmin nöqsanlar barədə aidiyyəti mərkəzi
icra hakimiyyəti orqanlarına – yəni, maliyyə nazirliyinə, gömrük
komitəsinə, əmlak məsələləri, vergi, antiinhisar və istehlak
bazarına nəzarət dövlət xidmətlərinə də müvafiq məktublar
ünvanlanır və mandatları daxilində zəruri tədbirlər həyata
keçirilməklə Hesablama Palatasına məlumat verilməsi xahiş olunur.
Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, əslində bir çox xarici
ölkələrin ali audit qurumlarına örnək olan bu yolla Hesablama
Palatası auditin əlavə dəyərinin maksimum səviyyədə artırılmasına
doğru addımlamış olur.
Performans auditlərinin nəticələrinə əsaslanmaqla irəli sürülən
təkliflər maliyyə tutumlu istiqamətlərdən əlavə, bir az əvvəl qeyd
etdiyim kimi, idarəetmənin, inzibatçılığın təkmilləşdirilməsi və
sisteməsaslı səmərəliliyin artırılması istiqamətlərini də mütləq
qaydada hədəfləyir ki, bəzən həmin məsələlərin həlli üçün müəyyən
zaman tələb olunur. Ölkə başçımızın dünyaya nümunə olan güclü
siyasi iradəsinin çətiri altında müəyyən edilən sosial-iqtisadi
inkişaf hədəfləri Hesablama Palatasının auditləri ilə əlavə dəyərin
yaradılmasında böyük şərəflə rəhbər tutulur”.

