Bakı.Trend:
Bayram ərəfəsində qızıl bazarında vəziyyət əsasən qlobal qiymət
dəyişiklikləri və mövsümi tələbat amilləri ilə müəyyən olunur.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin
sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, son dövrlərdə beynəlxalq bazarlarda qiymətli
metalların, xüsusilə qızılın qiymətində ciddi artım müşahidə edilir
ki, bu da yerli bazara birbaşa təsir göstərir.
“Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 4400
ABŞ dolları ətrafında formalaşıb və bu amil daxili bazarda qızıl
məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub. Ümumilikdə
bazarda hərəkətlilik var, satıcılar bayram mövsümünə uyğun olaraq
çeşidi artırır və tələbatı qarşılamağa çalışırlar”,-deyə o
bildirib.
R.Əmircanov vurğulayıb ki, hazırda qızıl məmulatlarının
qiymətlərində artım açıq şəkildə müşahidə olunur. Bu artım əsasən
beynəlxalq bazarlarda qızılın dəyərinin yüksəlməsi ilə
bağlıdır.
“Yerli bazarda qiymətlər dünya bazarındakı tendensiyalara uyğun
formalaşır və mövcud şəraitdə qiymətlərin qısa müddətdə aşağı
düşəcəyi gözlənilmir. Qiymətli metal bazarındakı bu artım yalnız
qızılla məhdudlaşmır – hazırda gümüşün bir unsiyasının qiyməti
təxminən 70 ABŞ dolları civarındadır ki, bu da əvvəlki dövrlərlə
müqayisədə yüksək göstəricidir. Hazırda alıcıların ümumi sayı
sabitdir, lakin istehlakçı davranışında müəyyən dəyişikliklər
müşahidə olunur”.
İqtisadçı bildirib ki, qızılın qiymətinin yüksək olması
alıcıların bir hissəsinin daha çox büdcələrinə uyğun, çəkisi az
olan məmulatlara üstünlük verməsinə səbəb olur.
“Eyni zamanda, qiymət artımı fonunda bəzi alıcılar alternativ
olaraq gümüş məmulatlarına yönəlirlər. Təcrübə göstərir ki, Yeni il
və digər bayramlar ərəfəsində qızıl və digər qiymətli metallara
tələbat adətən artır. Bu il də bayrama yaxın günlərdə bazarda
canlanma və satışların artması gözlənilir”,-deyə o əlavə edib.


