
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, Yaxın
Şərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuş
şəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağa
davam edir.
Hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dən
artıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinə
yetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzit
səyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.
- Türkiyə istiqamətləri üzrə İstanbul, Antalya, İzmir, Ankara,
Mersin və Trabzon şəhərlərinə uçuşlar həyata keçirilir. - Yaxın Şərq regionu üzrə Dubay, Şarja, Əbu Dabi, Doha, Küveyt,
Bəhreyn, Ciddə və Dammam, eləcə də istirahət məqsədli səyahətlər
üçün Şarm əl-Şeyx və Male istiqamətləri mövcuddur. - Avropa marşrutları üzrə London, Paris, Berlin, Frankfurt, Roma,
Milan, Vyana, Barselona, Budapeşt, Varşava və Praqa şəhərlərinə
müntəzəm reyslər icra olunur. - Mərkəzi və Cənubi Asiya istiqamətləri üzrə Daşkənd, Səmərqənd,
Ürgənc, Bişkek, Düşənbə, həmçinin Çinin Pekin və Urumçi şəhərlərinə
uçuşlar qış mövsümündə də davam etdirilir.
Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, “Turkish Airlines”,
“Air Astana”, “FlyArystan”, “Air Arabia”, “Lufthansa”, “Qatar
Airways”, “China Southern”, “Wizz Air”, “Polish Airlines” və digər
aparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.
Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq
aviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edə
bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraq
geniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regionda
hava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçün
rahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davam
edir.

