Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışlarını nəzərə almağa məcburdur – Zahid Oruc

Baş səhifə

Bakı. Trend:

2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə
hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin
təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədri vurğulayıb ki, 5 ildir davam edən belə vəziyyət
regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və
logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha
uzun və baha marşrutlarla daşınmasına səbəb olur.

“Regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid
iqtisadi məkanın yaranmasını əngəlləyir. Azərbaycan–Türkiyə–Mərkəzi
Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə,
gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri
kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı
olacaq.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə
və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd
regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına
ziyan vurur, əlavə xərclər yaradır. Hamının təyyarə nəqliyyatından
yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir.
Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların
tələbləri başa düşüləndir”.

Millət vəkili vurğulayıb ki, sərhədlər yalnız iqtisadiyyat və
logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və
gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir:

“Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib,
suveren və regional güc kimi çıxış edir. Prezident İlham Əliyevin
yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox,
məsuliyyətli və uzaqgörən münasibət tələb edir.

Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional
əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni
sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional
müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur”.

Z.Oruc əlavıə edib ki, digər vacib məqam-İranla bağlı beynəlxalq
siyasi və hərbi gərginliyin artmasıdır.

“İsraillə 12 günlük müharibə və yenidən savaş perspektivi
regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və
hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini
zəruri edir”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir