
Bakı. Trend:
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların
siyahısı genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da
keçiriləcək plenar iclasının gündəliyində yer alan “Mülki
dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan
materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların
siyahısına əlavə ediləcək.
Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox
sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və
tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə
2023-cü ildə 591 ton asbest və 30 238 ton
tərkibində asbest olan təbəqələr, 2024-cü
ildə isə 1 045 ton asbest və 27
634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.
Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi
dam örtüyü fondunun 29 faizini təşkil edir və
təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə
şifer istehlakı 2,6 milyon m² və ya 1,5
milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü
bazarının 15-20 faizi şiferin payına düşür.
Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün
ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə
asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.
Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması
müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma
riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin
məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın
qorunması baxımından mühüm addım hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan
məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya
Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin
qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin
həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul
edilib.
Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti
materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq
risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest
məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və
2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli
Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa
İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni
sahələrdə tətbiqi qadağan edilib.
BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və
kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest
təhlükəli maddə kimi təsnifatlandırılıb.
“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və
pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru
haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30
sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu
təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq
ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul
insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən
prosedurlarla tənzimlənir.
Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə
əsasən, asbest və tərkibində asbest olan materiallar mülki
dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaların siyahısına daxil edilir.
Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi
nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

