
Bakı. Trend:
26 dekabr 2025-ci il, Bakı – 1 yanvar 2026-cı il tarixindən
etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə
qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik
olmalıdırlar.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit
məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il
tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə
səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və
uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.
Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə
olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış
tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən
sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum
məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.
Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri
tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada
təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib
edilməlidir.
Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:
• Sığorta müqaviləsinin tərəfləri;
• Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
• Sığortanın predmeti;
• Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;
• Sığorta riskləri;
• Sığorta təminatının məbləği (limitlər);
• Sığorta haqqının məbləği;
• Ödənişin yeri və şərtləri.
Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiq
edilir. Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari
sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin
təsdiq edilməsi haqqında” qərarı 1 yanvar 2026-cı il tarixində
qüvvəyə minir.

