
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
iş saatlarında dəyişiklik edəcək.
Trend xəbər verir ki, bu barədə “Bakı
Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və
Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar
gücləndirilmiş iş rejimində çalışacaq.
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat
02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş iş
qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi
tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”,
“Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında
nəzarət mexanizmləri artırılacaq.
Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların
hərəkəti xüsusi qrafiklə tənzimlənəcək.
Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə
saxlanılacaq.
Qeyd edək ki, “Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti
31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar
gününün qrafiki əsasında tənzimlənəcək.
Sərnişinlərdən metropolitendən düzgün istifadə, təhlükəsizlik, o
cümlədən sanitariya-gigiyena qaydalarına riayət etmələri xahiş
olunur.

