
Ankaranın bələdiyyə sədri Mənsur Yavaş istintaqa cəlb olunub. Türkiyənin Daxili İşlər Nazirliyi noyabrın 25-də Mənsur Yavaşın ifadəsinin alınmasına icazə verəndən sonra onunla bağlı hüquqi prosedur başladılıb.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bələdiyyə sədrinə qarşı irəli sürülən ittihamlar məlum olub. Əsas ittiham Yavaşın bələdiyyənin resurslarından şəxsi maraqları üçün istifadə etməsidir. Türkiyə hakimiyyətinə yaxın KİV yazır ki, CXP-nin Çankırı və Kastamonuda təşkil etdiyi mitinglərdə Ankara bələdiyəssinin əməkdaşları da iştirak edib. Həmin mitinqlərdə bələdiyyənin avtomobillərindən və maddi qaynaqlarından istifadə olunub.
Mənsur Yavaşa qarşı irəli sürülən ittihamlardan biri də ankaralıları pulsuz şorbaya qonaq etməsidir. Aparılan araşdırmalar zamanı bəlli olub ki, Ankara bələdiyyəsi universitetlərin və xəstəxanaların qarşısında xüsusi yeməkxanalar təşkil edərək paytaxt sakinlərinə şorba verib. Ankaranın əhalinin sıx olduğu küçələrində fəaliyyət göstərən 13 bələdiyyə yeməkxanasının qanunsuz fəaliyyət göstərdiyi iddia olunur.
Ankara bələdiyyəsi açıqlama yayaraq bu ittihamları rədd edib. “Mənsur Yavaş 2023-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı hətta maaşından da imtina etmişdi”, – bələdiyyənin yaydığı açıqlamada qeyd olunub.

