
Ceyhun Bayramov: “Rus Evi”nin ləğvi tam başa çatıb”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, “Rus Evi”nin ləğvi tam başa çatıb.
Onun sözlərinə görə, “Rus Evi”nin bağlanmasına səbəb mərkəzin uzun müddət Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərməsi olub.
“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub. Ləğvetmə ilə bağlı, əməkhaqqı və s. yarımçıq proseslər qalıb. Rusiya tərəfi mərkəzdən ləğvedicilər təyin edib, onlar Azərbaycana gəlib. Rusiya səfirliyi bizə müraciət edib, XİN-dən dəstək istəyib. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. “Rus Evi”nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb”, – nazir deyib.
Rusiyanın Bakıda 1997-c ildən fəaliyyət göstərən mədəniyyət mərkəzi 2025-ci ilin fevralında bağlanıb.
Bu, ötən il dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında raket zərbələri alması nəticəsində qəzaya uğramasından sonra iki ölkə arasında gərginləşmiş münasibətlər fonunda baş verib.

