İlk dəfə üç il müddətinə təyin olunan hakimlər bu şəkildə təlimə cəlb ediləcəklər

Baş səhifə

Bakı. Trend:

İlk dəfə üç il müddətinə təyin olunan hakimlərin təlimə cəlb
edilməsi qaydaları təsdiqlənib.

Trend-in
məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam
Kərimov müvafiq Qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar peşə hazırlığının artırılması
məqsədilə ilk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər üçün
təşkil edilən təlimin təşkili, keçirilmə forması və təlimə cəlb
edilən hakimlərin hüquq və vəzifələrini, habelə təlimin yekunları
ilə bağlı məsələləri tənzimləyir.

Təlimin məqsədi və təşkili

Təlim hakimlərin peşə hazırlığının artırılması məqsədilə tətbiq
edilir.

İlk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər təyinatdan
dərhal sonra Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra
– Ədliyyə Akademiyası) tərəfindən Məhkəmə-Hüquq Şurası (bundan
sonra – Şura) və Hakimlərin Seçki Komitəsi (bundan sonra – Komitə)
ilə əlaqəli təşkil edilən təlimə cəlb olunurlar. Beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin tədris
müəssisəsində təşkil olunan təlim səfəri nəzərdə tutulduğu halda,
təlim səfəri təlimin tərkib hissəsi hesab olunur.

İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim proqramı Komitə
və Ədliyyə Akademiyası tərəfindən hazırlanır və Şura ilə
razılaşdırılmaqla Komitə tərəfindən təsdiq edilir.

Təlim auditoriyada məşğələ, aidiyyəti orqanların (qurumların)
fəaliyyəti ilə tanışlıq və məhkəmələrdə təcrübə mərhələlərindən
ibarətdir.

Auditoriyada məşğələlər əyani təhsilalma forması üzrə həyata
keçirilir. Məşğələlərdə ümumi nəzəri və praktik bilik və
bacarıqların mənimsənilməsi ilə yanaşı, hakimlərin təyin
olunduqları məhkəmələr nəzərə alınmaqla müvafiq sahələr (mülki,
kommersiya, cinayət və inzibati hüquq) üzrə ixtisaslaşmaya uyğun
təlimlər keçirilir.




Aidiyyəti orqanların (qurumların) fəaliyyəti ilə tanışlıq zamanı
müxtəlif məhkəmə icraatları üzrə həmin orqanların (qurumların)
fəaliyyəti və məhkəmələrlə qarşılıqlı təcrübəsi öyrənilir.

Məhkəmələrdə təcrübə zamanı hakimlər məhkəmə fəaliyyəti ilə
bağlı təcrübəyə yiyələnməklə yanaşı, onlarda məhkəmə aktlarının
tərtib edilməsi, məhkəmə iclaslarının idarə edilməsi, habelə
“Elektron məhkəmə” informasiya sistemindən istifadə olunması
bacarıqları formalaşdırılır.

Təlim Azərbaycan Respublikasının dövlət dilində aparılır (xarici
dövlətlərin tədris müəssisəsində təşkil olunan təlim istisna
olmaqla), icbaridir və təlimə cəlb edilmiş hakimlər təlimlərdə
Ədliyyə Akademiyası tərəfindən müəyyən edilmiş cədvələ uyğun
iştirak edirlər.

Təlim zamanı təlimə cəlb edilən hakimlər kağız və (və ya)
elektron daşıyıcılarda təlim materialları ilə təmin olunurlar.

Təlimin keçirilməsi ilə bağlı hakimlərin hüquq və vəzifələri
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının Nizamnaməsi” ilə müəyyən edilir.

Təlimin yekunu

Təlim başa çatdıqdan sonra 5 iş günü müddətində Ədliyyə
Akademiyası və hakimin təcrübə keçdiyi məhkəmənin sədri tərəfindən
Şuraya hər bir hakimin barəsində təlimin yekunlarına dair yazılı
mülahizə təqdim edilir.

Yuxarıdakılara uyğun olaraq verilmiş yazılı mülahizənin nəticəsi
hakimin davamlı tədrisə cəlb edilməsi zərurəti və fəaliyyətinin
qiymətləndirilməsi zamanı nəzərə alınır.

Məlumat üçün bildirək ki, qərar noyabrın 5-də qəbul edilib,
dekabrın 25-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
dekabrın 26-da qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir