
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il
ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan
uşaqlar üçün Yeni il şənliyi təşkil olunub.
Bu barədə Trend-ə IDEA
İctimai Birliyindən bildirilib.
Qeyd olunub ki, bayram tədbirində IDEA İctimai Birliyinin
könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə
müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu
təşəbbüs balacalara yeni il ərəfəsində xoşbəxtlik və bayram
əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin
müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində
humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə
edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.
Xüsusilə bayram günlərində uşaq evlərində, internat
müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar
üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas
istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox
ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını
hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil
olunur.

