
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, F. Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.
***
19.00
Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.
***
18.34
Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında hərəkətdə olan “Lexsus” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

