Azərbaycan hərb tarixinin daha əhatəli öyrənilməsində yeni təşəbbüs (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılmış Milli Müdafiə
Universiteti Azərbaycanda hərbi təhsilin və hərb elminin
inkişafında yeni bir səhifə açdı. Bu Sərəncamdan sonra Müdafiə
Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil
müəssisələrində hərbi təhsilin səmərəliyini daha da artıra biləcək
struktur dəyişikliyi həyata keçirildi, yeni təhsil müəssisələri
yaradıldı, müstəqil Hərbi Elmi Tədqiqat İnstitutu təşkil edildi. Bu
institutda respublikanın tanınmış alimləri elmi-tədqiqat işləri
aparır, hərb elminin müxtəlif aktual sahələri ilə məşğul olurlar.
Tarix elmləri doktoru, professor, istefada olan polkovnik Mehman
Süleymanov da belə alimlərdən biridir. Mehman Süleymanov Azərbaycan
Ordusunun təşkilinin ilk aylarından ordu sıralarında xidmətə
başlamış, Azərbaycanda hərb elminin təşkilatlanmasında və
formalaşmasında dəyərli işlər görmüşdür. Bütün xidmət yolunu
Azərbaycanın hərb tarixinin ən aktual mövzularının araşdırılmasına
həsr edən Mehman Süleymanov Azərbaycan Respublikası Silahlı
Qüvvələrində ilk dəfə həm namizədlik dissertasiyası, həm də ilk
dəfə doktorluq dissertasiyası müdafiə edib. Mehman Süleymanov
respublika daxilində kifayət qədər tanınmış bir alimdir. Onun
Azərbaycanda gənc tarixçi alimlərin yetişməsində də dəyərli rolu
olub. Son bir neçə il ərzində o, Azərbaycan Milli Elmlər
Akademiyası A.Bakıxanov adına Tarix institutunun nəzdində fəaliyyət
göstərən Müdafiə Şurasının sədr müavini olub.

Mehman Süleymanovun Azərbaycanın hərbi və hərbi-siyasi tarixinin
müxtəlif mövzularına həsr etdiyi sanballı işləri elmi dairələr və
ictimaiyyət maraqla qarşılayıb. Bu marağın nəticəsidir ki,
M.Süleymanovun “Nadir şah” (Bakı, Azərnəşr, 2025, 664 səh.) və
“Gülüstan müqaviləsi” (Bakı, Azərnəşr, 2025, 620 səh.)
monoqrafiyaları Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış xüsusi
komissiya tərəfindən təkrar çapa tövsiyə olunub. “Nadir şah” və
“Gülüstan müqaviləsi” kitabının 1-ci cildi artıq işıq üzü görüb.
Kitabın ikinci cildi yaxın zamanlarda işıq üzü görəcək. Mədəniyyət
Nazirliyi həmin kitabları respublika kitabxanaları fondlarının
zənginləşdirilməsi məqsədi ilə nəşr etdirib.

Bu kitabların hər ikisi Azərbaycan tarixinin çox maraqlı
səhifələrinin öyrənilməsinə həsr edilib. Hər iki monoqrafiyanın
yazılması üçün müəllif Azərbaycan, türk, fars, rus və ingilis
dilində mövcud olan ilkin mənbələrdən və mötəbər ədəbiyyatlardan
istifadə edilib. Nəticədə Şərqin böyük fatehi olan Nadir şahın
həyatının və təsvirlərə sığmayan sərkərdəlik qabiliyyətinin bütöv
elmi mənzərəsi yaradılıb.

“Gülüstan müqaviləsi” monoqrafiyası Azərbaycan xalqının
tarixində heç zaman unudulmayacaq mürtəce bir tarixi hadisəyə həsr
edilib. Azərbaycan ictimaiyyətinin yaddaşında nisgilli izlər qoymuş
bu hadisənin baş verməsinə aparan tarixi yol ilk dəfədir geniş və
əhatəli şəkildə araşdırılıb. Kitabda Azərbaycanın dövlətçilik
tarixində xüsusi bir mərhələ olan xanlıqların meydana gəlməsi,
onların mövcudluğu, Rusiya imperiyasına və Qacar İranına qarşı
apardığı mübarizəsi geniş işıqlandırılıb. Təqdirəlayiq bir haldır
ki, Mədəniyyət Nazirliyi bu kitabın çoxaldılaraq respublika
kitabxanalarına yayılması haqqında qərar verib. Nəticədə
respublikada daha çox oxucu Azərbaycan torpaqlarının bölünməsini
rəsmiləşdirilmiş bu hadisəyə və ona qarşı tarixi mübarizəyə aparan
yol haqqında geniş və mötəbər məlumat ala biləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının
Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzə
Komissiyasının 15 dekabr 2025-ci il tarixli iclasında növbəti ildə
Mehman Süleymanovun daha üç kitabının nəşri haqqında qərar verilib.
Bu kitablar siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı
ilə birlikdə yazılmış “Vətən müharibəsinin salnaməsi”dir. Bu üç
cildlik monoqrafiya Azərbaycanın müstəqillik tarixinə qızıl
hərflərlə yazılmış böyük Zəfərin qazanılması üçün aparılmış Vətən
müharibəsinin tarixinin araşdırılmasına həsr edilib. Təxminən 30 il
davam edən erməni işğalçılığının aradan qaldırılması, Azərbaycanın
ərazi bütövlüyünün tam bərpa edilməsi uğrunda Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə xalqın, dövlətin və Silahlı
Qüvvələrin fədakar mübarizəsi, bu müharibənin Qələbə ilə başa
çatdırılması üçün diplomatiya və informasiya sahəsində tarixi
fəaliyyət geniş şəkildə təhlil edilərək oxuculara çatdırılıb.




Mədəniyyət Nazirliyinin həmin Komissiyası tərəfindən mötəbər
sənədlər və faktlar əsasında hazırlanmış bu monoqrafiya Vətən
müharibəsinin elmi şəkildə öyrənilməsi baxımından dəyərli bir iş
kimi qiymətləndirilib, onun daha geniş auditoriyaya yayılması
haqqında təşəbbüs qaldırılıb.

Mədəniyyət Nazirliyinin bu qərarı Milli Müdafiə Universiteti
çərçivəsində Azərbaycanın hərb tarixinin, o cümlədən Vətən
müharibəsi tarixinin öyrənilməsi istiqamətində dəyərli işlər
görülməsinə əlavə bir stimuldur, tariximizə, tariximizin
öyrənilməsinə böyük, gərəkli töhfədir.

Əməkdar jurnalist
Rəşid Hüseynov

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir