Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

Baş səhifə

Bakı. Trend:

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena
Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət
ediblər.

Trend xəbər verir ki, əmək və
əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə
dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə
əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn
himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid
şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən
böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri
incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma,
kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi
bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki
filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji
dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf
və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim
edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların
hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla
Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl
işlərindən hədiyyələr verilib.




Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın
xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev
Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzinin bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025”
Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz
tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi
bildirilib.

Sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib.
Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş
şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və
İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və
benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti
Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan
istedadlarla eyni səhnəni bölüşüblər.

Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı
portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat
verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin
yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi,
bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı
bildirilib.

Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və
benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri
çəkdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir