
Bakı. Trend:
Ötən gecə Günəşdə “M” sinfindən olan ardıcıl 3 güclü partlayış
baş verib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın saytında yer alan materiallara görə, dekabrın
29-na keçən gecə Günəşdə üç “M” sinifli alışma qeydə alınıb.
Alışmalar Bakı vaxtı ilə 01:03-dən 01:23-dək (maksimumu 01:13-də),
02:01-dən 02:54-dək (maksimumu 02:39-da olmaqla M4.2 balına çatıb
ki, bu da dekabrın 28-nə keçən gecə baş vermiş partlayışlar bir
qədər zəifdir), həmçinin 03:57-dən 04:07-dək (maksimumu 04:02-də)
davam edib.
Bundan əlavə, Günəşdə nisbətən zəif “C” sinfinə aid daha üç
alışma da müşahidə olunub.
Qeyd edək ki, Günəş partlayışları və ya alışmaları rentgen
şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən
aşağı sinif olan A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt
gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçiddə güc on
dəfə artır. Alışmalar adətən Günəş plazmasının atılması ilə
müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına
səbəb ola bilər.

