
Bakı. Trend:
2025‑ci il Azərbaycanın maliyyə sistemi üçün həm daxili
sabitliyin saxlandığı, həm də beynəlxalq reytinq və əməkdaşlıq
baxımından əhəmiyyətli hadisələrlə yadda qalan il olub. Dövlət
büdcəsi, borc idarəçiliyi, bank və sığorta bazarları, beynəlxalq
maliyyə əlaqələri və reytinq agentliklərinin qiymətləndirmələri bir
araya gətirilərək bu il maliyyə sektorunun əsas uğurlarını
formalaşdırıb.
Dövlət maliyyəsi: büdcə, borc və risklərin idarə
olunması
Azərbaycan dövlət büdcəsinin 2025‑ci il üçün icrası əvvəlcədən
proqnozlaşdırılan səviyyəni üstələyərək maliyyə sektorunda
dayanıqlılığın əsas göstəricisi kimi çıxış edib. 2025-ci ilin
yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika
müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 436
000-dən çox ödəniş tapşırığı icra edilib, dövlət büdcəsinin
gəlirləri isə yüksək səviyyədə yerinə yetirilib. Dövr ərzində
konsolidasiya edilən büdcə gəlirləri 43,9 milyard manat təşkil edib
ki, bu da 11 aylıq proqnozdan 2,5 milyard manat və ya 6,1% çoxdur.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri isə 35,6 milyard manat
təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya
0,9 faiz üstələyib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən
daxilolmalar 15,3 milyard manat təşkil edib. Bu göstərici
proqnozdan 745,5 milyon manat (5,1%) artım nümayiş etdirib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti vasitəsilə 41,6
milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 10,2 milyon
manat (32,5%) çoxdur. Bundan başqa, dövr ərzində Dövlət Neft
Fondundan transfert 13,3 milyard manat təşkil edib ki, bu da
proqnozun tam icrası deməkdir.
Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 5,8 milyard manat
(proqnozun 96,6%-i) təşkil edib. Həmçinin dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə edilən
gəlirlər 592,3 milyon manata (proqnozun 72,7%-i) çatıb, digər
daxilolmalar 654,7 milyon manat (proqnozun 99,1%-i) təşkil
edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayı
ərzində icmal büdcə xərcləri 36,8 milyard manat təşkil edib ki, bu
da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard manat və ya 3,9%
çoxdur.
Dövr ərzində dövlət büdcəsinin xərcləri 31,4 milyard manata
bərabər olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 376,6
milyon manat və ya 1,2% artım deməkdir.
Dövlət borcu: xarici və daxili
öhdəliklər
Bu ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893
milyard ABŞ dolları təşkil edib. Məlumata görə, bu göstərici
2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil dib.
2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu
236,6 milyon ABŞ dolları məbləğində azalıb.
Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibi
belə olub: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH
(Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz,
yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta
ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və
Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları
məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə
üstələyir.
2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmət
xərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dolları
məbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faiz
borcu ödənişləri həyata keçirilib.
Eyni zamanda bu ilin oktyabrın 1-nə Azərbaycanın 17,47 milyard
manat təşkil etmiş daxili dövlət borcunun 7,987 milyard manatını
dövriyyədə olan dövlət qiymətli kağızları, 9,60 milyard manatını
isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil
edib. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının
3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il və
daha artıq müddətli olub.
Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta
Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzində
dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar
maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata
keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının
geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz
olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Bundan başqa, cari ilin oktyabrın 1-nə Azərbaycanın dövlət
zəmanətli borcunun məbləği 10,686 milyard manat və ya 2025-ci il
üzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib. Dövlət
zəmanətinin 9,024 milyard manatı (5,308 milyard ABŞ dolları) və
yaxud 84,4 faizi xarici kreditlərin, 1,662 milyard manatı və yaxud
15,6 faizi isə daxili kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud
4,197 milyard ABŞ dolları məbləğində hissəsi “Cənub Qaz Dəhlizi”
QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən
ibarətdir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizini
sabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.
Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelinin
valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5
faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar –
1,9 faiz.
Bank sektoru
2025‑ci il bank sektoru üçün artım və sabitlik ili olub. Belə
ki, ölkənin bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1,060
milyard manat xalis mənfəət əldə edib. Qeyd olunan göstərici ötən
ilin eyni dövrünə nisbətən 92,4 milyon manat və ya 9,6% çoxdur.
Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon
manat mәblәğindә mәnfәәt vergisi ödәnilib (2024-cü ilin analoji
dövrü ilә müqayisәdә 14,3% vә ya 33,2 milyon manat daha çox).
Eyni zamanda bu ilin dekabrın 1-nə Azərbaycanda fәaliyyәtdә olan
bankların cәmi aktivlәri 58,748 milyard manat təşkil edib. Hesabat
dövründə bankların cәmi öhdәliklәri 51,517 milyard manat, balans
kapitalı 7,231 milyard manat olub.
Beləliklə, noyabr ayında bankların cәmi aktivlәri 4,3%, cәmi
öhdәliklәri 4,7%, balans kapitalı 1% artıb.
Ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə bankların cәmi
aktivlәri 17,1% artıb.
Bu ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli isə
1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub.
Kredit portfelinin strukturunda biznes kreditlәri – 53.2% (15,805
milyard manat), istehlak kreditlәri – 31.4% (9,319 milyard manat)
vә ipoteka kreditlәri – 15.4% (4,562 milyard manat) təşkil
edib.
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük
tәşkil edib (cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 milyon manat).
Depozit portfelinin 57.4%-i (21,354 milyard manat) hüquqi
şәxslәrin, 42.6%-i (15,848 milyard manat) fiziki şәxslәrin
depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin
depozitlәri istisna olmaqla) ibarәt olub.
Bu rəqəmlər bank sektorunun həm dayanıqlı maliyyə nizamına malik
olduğunu, həm də əmanətçilər üçün cəlbedici mühit yaratdığını
göstərir.
Azərbaycan Mərkəzi Bankının (AMB) pul
siyasəti
Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də öz
fəaliyyətini başlıca mandatı olan qiymət sabitliyinə yönəldib.
Hesabat ilində illik inflyasiya hədəf diapazonunda (4±2%) olub. Pul
siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində
islahatlar davam etdirilib Nəticədə pul siyasətinin faiz kanalının
ötürücülüyü aktivləşməyə başlayıb.
Valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin
olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd
və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif
tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin
dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci
ilin noyabrında 29%-ə enib. Əlverişli xarici sektor göstəriciləri
valyuta bazarında tarazlığı dəstəkləyib. Tədiyə balansının cari
əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 milyard
ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olub. Bu şəraitdə
ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6
milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyuta
ehtiyatları 4.3% artaraq 11.4 milyard ABŞ dollarına yüksəlib.
Beləliklə, ölkənin strateji valyuta ehtiyatları xarici borcunu 17
dəfədən çox üstələyir.
2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi
proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər,
valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin
azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilib. Dövr ərzində
faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8
dəfə müzakirə edilib. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə
həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2
iclasında isə azaldılması barədə qərar qəbul edilib. Ümumilikdə
cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7.25%-dən
6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin
aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilib. Hazırda uçot dərəcəsi
son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə
yaxındır.
2025-ci il ərzində pul siyasəti alətləri pul bazarında gedən
proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla
tətbiq edilib. Bu əməliyyatlar təminatsız pul bazarında faizlərin
Mərkəzi Bankın faiz dəhlizinin dəyişiminə adekvat reaksiya
verməsini təmin edib. Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin
yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük
əməliyyatlar üzrə orta faiz dərəcəsi – AZIR arasında fərq minimuma
enib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%,
noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub. Ümumilikdə
11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakı
standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3 ayda 0.04
faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından məqbul
hesab edilir. Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə
digər faizlərə təsir göstərməsi də müşahidə edilib. Belə ki, iyul
ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında
gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması
ilə müşayiət olunub.
Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də
təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb. 11 ayda Blumberq
platformasında banklar arasında milli valyutada 61.8 milyard manat
məbləğində 3482 əqd bağlanıb. Bu dövrdə banklararası repo bazarında
3.0 milyard manat həcmində 287 əqd bağlanıb.
Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən
vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində
yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər
hesabına artımına səbəb olub. Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə
yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq
bazar əməliyyatı kimi istifadə edilib. 30 noyabr 2025-ci il
tarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin
tərkibində 7 günlük depozit portfelinin payı 87% olub.
Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri
hesabat dövründə də davam etdirilib. Belə ki, qısamüddətli
likvidliyi daha effektiv idarə etmək üçün daimi imkan depozit və
daimi imkan əks-repo əməliyyatlarının müddəti 1 günlükdən 1
gecəliyə dəyişdirilib, not hərraclarında minimum iştirakçı sayına
qoyulan tələb aradan qaldırılıb, sterilizasiyayönümlü açıq bazar
əməliyyatı olan 7 günlük repo 7 günlük depozitlə əvəz edilib.
Dövr ərzində Mərkəzi Bank banklararası pul bazarında gedən
prosesləri və qabaqcıl beynəlxalq təcrübəni təhlil edib.
Təhlillərin nəticələrini nəzərə alaraq Avropa Yenidənqurma və
İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində
2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının daha təkmil
qaydaları təsdiq edilib. Bu qayda AZIR-ın istinad dərəcəsi kimi
maliyyə bazarı iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət
edir.
Cari ildə AYİB tərəfindən milli valyutada AZIR indeksinə bağlı
üzən faizli istiqrazların yerləşməsinə başlanılmışdır. Bu çərçivədə
50 milyon manat həcmində ilk tranş açıq təklif üsulu ilə uğurla
yerləşdirilib. Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyət
olmaqla yanaşı, həm də AZIR indeksinin etibarlı istinad faizi kimi
istifadəsinin göstəricisidir.
Tədiyə balansı və xarici ticarət
2025‑ci ilin 9 ayında tədiyə balansında ciddi profisit müşahidə
olunub. Cari əməliyyatlar hesabında 3,0 milyard dollar profisit
yaranıb və bu ÜDM‑in 5,4%-ni təşkil edib. Dövr ərzində Azərbaycanın
tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil
edib.
Xarici ticarət dövriyyəsi 30,8 milyard dollar olub, burada
neft‑qaz sektoru üzrə profisit 14,0 milyard dollar, qeyri‑neft‑qaz
sektoru üzrə isə 8,4 milyard dollar kəsir qeydə alınıb. Dövr
ərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxil
olub. Eyni zamanda Azərbaycandan xaricə köçürülmüş pul baratlarının
həcmi isə 361 milyon dollar təşkil edib.
Həmçinin bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7
milyard dollar birbaşa xarici investisiya yatırılıb. Azərbaycandan
isə xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya qoyulub.
Bundan başqa, cari ilin ilk 9 ayında ölkənin əmtəə ixracı 6,1%
artaraq 18,2 milyard dollar, qeyri‑neft ixracı isə 2,5 milyard
dollar təşkil edib.
Xidmətlər balansı üzrə nəqliyyat xidmətləri profisiti 1,3
milyard dollar (+50,2%) və turizm xidmətləri profisiti 0,3 milyard
dollar səviyyəsində olub.
Sığorta sektoru
Azərbaycanda sığorta bazarı 2025‑ci ildə aydın artım dinamikası
nümayiş etdirib.
Yanvar–noyabr dövründə 16 sığorta şirkəti vasitəsilə 1,365
milyard manat sığorta haqqı toplanıb və ötən ilin eyni dövrü ilə
müqayisədə 11,7% artım nümayiş etdirib. Dövr ərzində sığorta
şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,8
milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7%
çoxdur.
Dövr ərzində həyat sığortası üzrə yığımlar 773,9 milyon manat
(+16,1%), ödənişlər isə 595,7 milyon manat (+32,2%), qeyri‑həyat
sığortası bazarı üzrə yığımlar 591,5 milyon manat (+6,5%),
ödənişlər 249,1 milyon manat təşkil edib. Bundan başqa, hesabat
dövründə könüllü sığorta bazarı 1,034 milyard manat yığımlarla
13,3% artıb, ödənişlər isə 713,1 milyon manat (+25,5%) olub. Eyni
zamanda icbari sığorta növlərinin hesabına 331,3 milyon manat (+7%)
sığorta haqqı toplanılıb. Bu sığorta növü üzrə ödənişlərin həcmi
isə 131,7 milyon manata (+4,5%) çatıb.
Azərbaycanın bank sektorunda
yeniliklər
Oktyabr ayından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə
maliyyə bazarında “Açıq bankçılıq” funksionallığının tətbiqinə
başladı. Qeyd edilib ki, AMB “2024-2026-cı illərdə maliyyə
sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında
göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, yerli bazar
üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması, bununla
da ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətində
tədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanın
fəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıq
bankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi
müəyyən edilib. Bu istiqamətdə “Açıq bankçılıq” yanaşmasını
tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.
Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya
inteqrasiyası işləri davam etdirilib. Məlumata görə, hazırda 6 bank
inteqrasiyanın yekun mərhələsindədir, 13 bank – “Azərbaycan
Beynəlxalq Bankı” (ABB), “AFB Bank”, “Azərbaycan Sənaye Bankı”, “Azər Türk Bank”, “Bank of Baku”, “Bank Respublika”, “Kapital
Bank”, “TuranBank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Premium Bank” və “Xalq Bank” isə
inteqrasiyanı tam yekunlaşdırıb.
Bundan əlavə, ABB və “Turan Bank” “Açıq bankçılıq”
funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim
ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün
onların razılığı əsasında digər banklarda olan hesabları və hesab
üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq
üzərindən əldə etmək imkanları yaradılıb.
Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası və
maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını
təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir,
maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə
sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabəti artırır:
banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa,
müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq
olunurlar.
Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə
bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin
gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər
çərçivəsində bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq
statistikasını ictimaiyyətə açıqladı. Bildirildi ki, məqsəd
ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və
məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Həmçinin bu il Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta
ehtiyatlarının diversifikasiya strategiyası çərçivəsində 2021-ci
ilin mart ayında Beynəlxalq Hesablaşmalar Bankı (BHB) tərəfindən
yaradılmış, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqraz
Fonduna investisiya edib.
Ortaq əməkdaşlıqlar
Bu il Milli Depozit Mərkəzi (MDM) Tabadul layihəsi çərçivəsində “Bakı Fond Birjası” QSC (BFB) və “Azər Türk Bank” ASC (ATB) ilə
birlikdə Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX)
ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalayıb. Bildirilib ki,
imzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB və
ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə
qarşılıqlı ticarət etmə imkanı yaradacaq.
Bu həm investorlar, həm də investisiya şirkətləri üçün
qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və
təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət
etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz
hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və
saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar
sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq
dəstək olacaq.
İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət
öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata
keçirilməsi məqsədilə “Azər Türk Bank” hesablaşma agenti kimi təyin
edilib.
Tabadul platforması qısa müddətdə bir çox ölkə və region
arasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasında
ticarət proseslərini daha əlçatan edib.
Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarında
əməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, Tabadul
Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının
inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və
bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.
Eyni zamanda bu il Azərbaycan və Çin Mərkəzi bankları arasında
Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum
pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə
texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın
gücləndirilməsinə yönəlib.
İl ərzində həmçinin Azərbaycan və Beynəlxalq Maliyyə
Korporasiyası (IFC) arasında “Dövlət-Özəl Tərəfdaşlığı (PPP)
sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq Sazişi”
imzalandı.
Bundan başqa, il ərzində “Azərbaycan Banklar Assosiasiyası”
(ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası
arasında Anlaşma Memorandumu imzalandı.
Dövr ərzində daha bir diqqətçəkən məqam Azərbaycanın Beynəlxalq
Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv olması oldu. Belə ki,
Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə
(INFE) tamhüquqlu üzv qismində qoşulub.
Bildirib ki, bu üzvlük çərçivəsində qurum şəbəkənin “Maliyyə
savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal
maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə”
üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə
hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb
olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə
etmək hüququ qazanıb. Bununla da, AMB qabaqcıl təcrübələr və
yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.
Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycanda
kapital bazarının inkişafı məqsədilə tənzimləyici bazanın
hazırlanması üçün İslam maliyyəsi qrantı” layihəsinin həyata
keçirilməsinə texniki yardımın göstərilməsi ilə bağlı İslam İnkişaf
Bankı İnstitutuna (IsDBI) müraciət edib. Təşəbbüsün məqsədi
Azərbaycanda İslam maliyyələşdirmə alətlərinin, xüsusilə də sukukun
tətbiqi üçün əlverişli mühitin yaradılmasına dəstək olmaqdır.
Layihə sukuk və digər İslam maliyyə alətlərinin buraxılması üçün
etibarlı hüquqi və tənzimləyici bazanın hazırlanmasına, milli
institutların belə əməliyyatlarla bağlı risklərin idarə edilməsi
üzrə potensialının gücləndirilməsinə, eləcə də ölkədə İslam
maliyyəsinin inkişafını izləmək üçün monitorinq və qiymətləndirmə
sisteminin yaradılmasına yönəlib.
Sənəddə qeyd olunur ki, layihənin uğurla həyata keçirilməsi
Azərbaycanda ilk sukukun buraxılmasına imkan verəcək ki, bu da
maliyyə sektorunun şaxələndirilməsi istiqamətində mühüm addım
olacaq.
Beynəlxalq reytinq agentliklərinin
qiymətləndirmələri
2025‑ci il maliyyə sektorunun beynəlxalq reytinq baxımından
dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Belə ki, “Moody’s”
Azərbaycan iqtisadi dayanıqlığını və diversifikasiya potensialını
vurğulayaraq, real ÜDM artımının 2025‑ci ildə 1,5% səviyyəsində
olacağını proqnozlaşdırıb. Bundan başqa, “S&P Global Ratings”
2025‑2028‑ci illər üçün ÜDM artımını orta hesabla 1,9% səviyyəsində
görür, həmçinin valyuta ehtiyatlarının artımını və cari
əməliyyatlar balansının profisitini iqtisadi dayanıqlığın
göstəricisi kimi qeyd edib. “Fitch Ratings” isə Azərbaycanın
maliyyə göstəricilərini möhkəm hesab edərək reytinqlərini
investisiya dərəcəsində saxlayıb. Belə ki, “Fitch Ratings”in
qiymətləndirməsinə görə, 2025-ci ildə Azərbaycanda cari
əməliyyatlar hesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsində
qalacaq, ümumi xarici borcun ÜDM-dəki payı isə 21,1%-ə enəcək.
Agentlik həmçinin inflyasiyanın 2025-ci ildə 5,7% təşkil edəcəyini,
rəsmi beynəlxalq ehtiyatların isə 11,6 milyard dollar səviyyəsində
formalaşacağını proqnozlaşdırıb.
Bu reytinqlər dünya bazarlarında Azərbaycanın kredit
etibarlılığına təsir edir və beynəlxalq maliyyə əlaqələrinə müsbət
təsir göstərir.
Beləliklə, 2025‑ci il Azərbaycan üçün maliyyə sektorunun bütün
elementləri üzrə müsbət dinamika ilə yadda qaldı. Dövlət büdcəsi
proqnozlaşdırılan səviyyələri aşdı, bank və sığorta sektorlarında
aktiv artımlar qeydə alındı, valyuta ehtiyatları rekord səviyyədə
formalaşdı və beynəlxalq reytinq agentlikləri ölkənin dayanıqlığını
təsdiqlədi. Bütün bu amillər maliyyə sisteminin sabitliyini təmin
etməklə yanaşı, gələcək illər üçün də möhkəm zəmin yaradır.

