
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik
fəaliyyətinin başa çatması münasibətilə səmimi görüş keçirib.
Bu barədə Trend-ə komitədən məlumat verilib.
Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu
illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə
Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir
mübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli
Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün
mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən
“Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə
verir.
Anar Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründə
göstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağa
təşəkkürünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda Milli Şəhərsalma
Forumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya Şəhərsalma
Forumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoq
xüsusilə vurğulanıb.

