
Bakı. Trend:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin,
ortaq kimliyimizin və həmrəylik ruhumuzun bariz ifadəsidir. Bu
əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla
azərbaycanlını vahid ideya və məqsədlər ətrafında birləşdirən mühüm
ictimai-siyasi məna daşıyır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat qeyd edib ki, dünya azərbaycanlılarının birliyinin
formalaşdırılması istiqamətində tarixi addım 1991-ci ilin 16
dekabrında atılıb:
“Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub. Bu qərar
azərbaycanlıların milli-mənəvi birliyinin möhkəmləndirilməsi
baxımından müstəsna əhəmiyyət kəsb edib”.
A.Həsənovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 31
dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis etməsi
Azərbaycanın ən yeni tarixində mühüm siyasi və ideoloji
hadisələrdən biri olub:
“Bu həmrəyliyin ideoloji əsasını isə azərbaycançılıq məfkurəsi
təşkil edir. Məhz bu ideya dünyanın 70-dən artıq ölkəsində yaşayan
50 milyondan çox azərbaycanlını bir amal ətrafında birləşdirərək
onların Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra dünya azərbaycanlılarının həmrəyliyi
və diaspor quruculuğu məsələlərini daim diqqət mərkəzində
saxlayıb:
“O, həmrəyliyin yalnız rəmzi xarakter daşımadığını, eyni zamanda
praktik fəaliyyətdə öz əksini tapmalı olduğunu vurğulayaraq, xarici
səfərləri zamanı mütəmadi olaraq həmin ölkələrdə yaşayan
soydaşlarımızla görüşüb, onlara diaspor fəaliyyətinin əhəmiyyəti və
əsas istiqamətləri barədə tövsiyələr verib. Bu yanaşma dünya
azərbaycanlılarının təşkilatlanmasına və vahid mövqedən çıxış
etməsinə güclü təkan verib”.
A.Həsənova qeyd edib ki, dünya azərbaycanlılarının
təşkilatlanması və diaspor quruculuğu sahəsində mühüm mərhələlərdən
biri də Dünya Azərbaycanlılarının Qurultaylarının
keçirilməsidir:
“Bu təşəbbüs də məhz Ümummilli Lider Heydər Əliyevə məxsusdur.
Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan Respublikası
Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına
əsasən 2001-ci il noyabrın 9–10-da Bakıda keçirilib və bundan sonra
qurultayların təşkili ənənəvi xarakter alıb”.
Deputat vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasi
xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5–6-da III,
2016-cı il iyunun 3–4-də isə IV Dünya Azərbaycanlılarının
Qurultayları keçirilib. Bu tədbirlər dünya azərbaycanlıları
arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı əməkdaşlığın
möhkəmlənməsinə və soydaşlarımızın daha sıx birləşməsinə şərait
yaradıb”.
A.Həsənova həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində
qazandığı tarixi Zəfərin dünya azərbaycanlıları üçün böyük qürur
mənbəyinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, məhz bu Zəfərdən sonra Dünya
Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi
xüsusi tarixi və rəmzi məna daşıyıb:
“Azad edilmiş Şuşada keçirilən qurultay qalib xalqın
nümayəndələrinin bir araya gəlməsi baxımından əlamətdar hadisə
idi.
Bu qurultay Azərbaycan dövlətinin gücünün, dünya
azərbaycanlılarının sarsılmaz birliyinin və həmrəyliyinin parlaq
nümayişi idi. Eyni zamanda, diaspor fəaliyyətinin yeni mərhələyə
keçidinə təkan verdi. Dünya azərbaycanlılarının daha sıx birləşməsi
və təşkilatlanması üçün mühüm imkanlar yaratdı”.
A.Həsənova əlavə edib ki, dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsi siyasəti bu gün də Prezident İlham
Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və diaspor
siyasəti Azərbaycan dövlətinin vahid və strateji dövlət siyasətinin
ayrılmaz tərkib hissəsinə çevrilib.

