
Bakı. Trend:
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və
mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna
olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan
gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə
vergi tutulacaq.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda
olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən
özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq
14 faiz (icarəyə münasibətdə) və ya 10
faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyəcək və
vergi uçotuna alınıb bəyannamə verəcək.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, icarə
haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən
ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti
14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi
uçotuna alınıb bəyannamə verir.

