2025-ci il vətənpərvərlik və humanizm ili oldu – Cəlil

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il 1995-ci il
noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın ilk
Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin
5-ci ildönümü qeyd olundu. Avqustun 8-də Vaşinqtonda ABŞ-ın
iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi
mətninin paraflanması da çox mühüm hadisələrdən biri oldu.

Bunu Trend-ə Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Xəlilov başa çatmaqda olan 2025-ci ilin yekunları ilə əlaqədar
bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə
abadlıq-quruculuq işləri tam vüsətlə davam etdirildi, onlarla
müəssisə, yaşayış binası, yol və körpü istifadəyə verildi.
Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum
olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və
antiterror əməliyyatında iştirak edənlər və onların yaxın
qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı
döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin
Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və
qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan
şəxslər, həmçinin həmin döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və
medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad
edildilər. Elan edilmiş Amnistiya dövlətimizin başçısı tərəfindən
bütün vətəndaşlara, eləcə də qazilərə qarşı humanizminin
göstəricisidir. Bu Amnistiya bir daha sübut etdi ki, Azərbaycan
dövləti onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir
imkandan istifadə edir. Hesab edirəm ki, yola saldığımız il
dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər
uğurlu oldu.

2025-ci il təşkilatımız üçün də uğurlu il olub. Hesabat ilində
Respublika Veteranlar Təşkilatı icra hakimiyyəti orqanları, dövlət
qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının
genişlənməsində, şəhid ailələrinin, təşkilatda təmsil olunan
veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılması və
onların ölkənin ictimai həyatında fəallığının artırılması sahəsində
xeyli addımlar atıb. Hesabat ilində Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet
dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə,
bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin
əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və
müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin
iştirakı ilə çoxlu tədbirlər keçirilib. Ötən dövr ərzində
veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar
– Ümumxalq Hüzn Günü, Xocalı soyqırımının ildönümü, 31 Mart –
Azərbaycanlıların Soyqırımı Günü, 26 İyun – Azərbaycan Silahlı
Qüvvələri Günü, 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və
digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilib.
Həmçinin digər keçirilən tədbirlərdə Respublika Veteranlar
Təşkilatının nümayəndələri fəal iştirak ediblər. Mart ayında
“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin
qarantıdır” mövzusunda, apreldə Şəki şəhərində “Zəfərdən zəfərə
gedən yol”, Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Zəfərdən zəfərə
gedən yol”, mayda Naxçıvan şəhərində, iyunda Laçın rayonunda “8
Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar
keçirilib”.

Təşkilat sədrinin verdiyi məlumata görə, bu ilin ötən dövründə
təşkilata müraciət etmiş 76 nəfər Qarabağ müharibəsi veteranı, 40
nəfər Əmək veteranı, 26 nəfər Vətən müharibəsi iştirakçısı, 131
nəfər veteran hərəkatının fəal üzvü, 5 nəfər Əfqanıstan müharibəsi
veteranı, 2 nəfər şəhid ailəsi üzvü, 6 nəfər Silahlı Qüvvələr
veteranı, 1 nəfər Çernobl əlili, 1 nəfər hərbi xidmət əlili olmaqla
ümumilikdə 286 nəfər müxtəlif kateqoriyadan olanların sənədləri
öyrənildikdən sonra üzvlüyə qəbul edilib. Ad günləri və
yubileylərlə əlaqədar veteranlara təbrik məktubları, Fəxri
Fərmanlar hazırlanıb və ünvanlara göndərilib.




Müsahibimiz gənclərin vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi sahəsində görülən işlərlə əlaqədar deyib: “Hesabat
ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı
istiqaməti üzrə işlər davam etdirilib. Həmin tədbirlərdə təşkilatın
rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri,
tədbirin təşkil olunduğu ərazidə yaşayan fəal veteranlar, yerli
icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bakı şəhəri üzrə Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı,
Səbail, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında
yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və
Slavyan universitetlərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi
hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü
Azərbaycan diviziyalarının keçdiyi döyüş yolu haqqında, ordu
quruculuğuna və 2016-cı ilin Aprel döyüşlərinə aid mövzularda, Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr
– Zəfər Günü” və digər mövzulara həsr edilmiş tədbirlər keçirilib.
Həmin tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi
xidmətə, Vətəni qorumağa daim hazır olmasına yönəldilib.

Veteranların müalicəsi və istirahətinin təmini məsələlərinə
toxunan təşkilat sədri bildirib: “İl ərzində Mərdəkan Veteranlar
Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520 nəfər veteran və
təqaüdçü müalicə kursu keçib. Onlardan 9-na Respublika Veteranlar
Təşkilatı tərəfindən göndəriş verilib, 2 nəfər veteranın
sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə kömək göstərilib.
Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi yaşlı
veteranları təmənnasız tibbi müayinə və müalicə olunmaq üçün öz
himayələrinə götürərək 5 illik müqavilə bağlanılıb, il ərzində
mərkəzin həkimlər briqadası tərəfindən 62 veteran tibbi müayinədən
keçirilib. Bundan başqa Bakı Şəhəri Herontoloji Mərkəzi təşkilatın
50-dən artıq üzvü ilə “Veteranların Tibbi maarifləndirilməsi”
mövzusunda tədbir keçirib. Müalicəyə ehtiyacı olan bir çox
veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər
edilib, onların müalicəsi sahəsində konkret addımlar atılıb.
Hesabat ili ərzində müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə,
elektron poçt vasitəsilə daxil olmuş 276 müraciət cavablandırılıb
və digər təşkilatlara 234 sənəd göndərilib”.

Onun dediyinə görə, 2025-ci ildə İctimai Birliyin beynəlxalq
əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla
davam etdirilib: “Respublika Veteranlar Təşkilatının Türk
Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar
təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə
çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl
təcrübələrinin öyrənilməsi, eyni zamanda, İkinci Dünya müharibəsi
zamanı 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan
diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə
edilməsi, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Rusiya, Belarus, Gürcüstan, Tacikistan, Moldova, Almaniya,
Avstriya, Macarıstan, Serbiya, Sloveniya, Polşa, Çexiya, Slovakiya
və İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların
toplanılması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə
əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə
müvafiq müraciətlər göndərilib.

İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi ilə
əlaqədar “Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların)
İctimai Təşkilatları Birliyi” Beynəlxalq Birliyinin Koordinasiya
Şurası Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən
müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran
təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması
veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin
mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq
konfransda, Moskva şəhərində “Müstəqil Dövlətlərin veteranlarının
(pensiyaçıların) İctimai Təşkilatları Birliyi” Beynəlxalq
Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil
dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına
hazırlığının son mərhələsində Birliyin (MDB) veteranlar
təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və
“Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında”
iclaslarında iştirak etmişik. Hesabat ilində Belarusun ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib. Rusiya
Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki
nümayəndəsinin xahişi ilə onunla görüş təşkil edilib. Görüşdə
Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional
bölməsi İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr
olunmuş Dağıstan və Azərbaycanın veteranlarının birgə forumunda
iştirakı ilə əlaqədar nümayəndə heyətimizin həmin forumda iştirakı
təmin edilib. Ötən dövr ərzində respublikanın Mərkəzi Arxivindən
İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüş azərbaycanlılar haqqında əlavə məlumatlar toplanılaraq
təşkilatın məlumat bazasına daxil edilib. MDB dövlətləri və Avropa
ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş
həmvətənlərimizin məzarlarının aşkarlanması və qorunub saxlanılması
üçün həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor
təşkilatları ilə birgə işlər aparılıb”,- deyə təşkilat sədri bu il
beynəlxalq əməkdaşlıq sahəsində görülən işləri qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir