İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova

Baş səhifə

Bakı.Trend:

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr
olunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi
nailiyyətlərin, aparılan ardıcıl dövlət siyasətinin və gələcək
strateji hədəflərin aydın ifadəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu çıxışda idman təkcə yarış və medal
anlayışı kimi deyil, həm də ölkənin sosial, iqtisadi, mədəni və
mənəvi inkişafının mühüm tərkib hissəsi kimi təqdim olunur.
Prezident İlham Əliyev qeyd edib ki, 2025-ci ildə Azərbaycan
idmançıları beynəlxalq arenada 2000-dən çox medal, o cümlədən
təxminən 600 qızıl medal qazanıb.

“Bu göstəricilər müstəqillik tarixində rekord nəticə olmaqla
yanaşı, ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini sübut
edir. Medalların sayının ildən-ilə artması təsadüfi deyil, bu,
dövlətin idmana göstərdiyi diqqətin, yaradılan şəraitin və
uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Azərbaycanda
idmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idman
infrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu gün isə
beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Xüsusilə
bölgələrdə Olimpiya İdman Komplekslərinin tikilməsi mühüm əhəmiyyət
daşıyır. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi
ilə bu obyektlərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayan
gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi
baxımından mühüm addımdı”, – deyə deputat əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında
xüsusi yer verilən məsələlərdən biri sağlam gənc nəslin
formalaşdırılmasıdır:

“Ölkənin gələcək inkişafı birbaşa sağlam, fiziki və mənəvi
cəhətdən güclü gənclərin yetişdirilməsindən asılıdır. Uşaqlıqdan
idmana marağın formalaşdırılması gələcək idman uğurlarının əsasını
qoyur. Bu yanaşma idmanı təkcə peşəkar sahə kimi deyil, ümummilli
sağlamlıq strategiyasının bir hissəsi kimi təqdim edir. Gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasını dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi qiymətləndirir. İdman bu baxımdan mühüm
rol oynayır, çünki idmançılar beynəlxalq arenada ölkəni təmsil
edərək Azərbaycan Bayrağını yüksəldirlər. Xüsusilə son 5 ildə əldə
olunan tarixi Qələbə idmançıların məsuliyyətini və qürur hissini
daha da artıb”.

Deputat qeyd edib ki, 2025-ci ildə ölkəmizdə keçirilmiş MDB
ölkələrinin III Oyunları Azərbaycanın böyük idman potensialını
nümayiş etdirib:

“Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə
keçirilməsi regionların inkişaf səviyyəsini və infrastruktur
imkanlarını göstərmişdir. Bundan əlavə, ilk dəfə Bakıda keçirilən
UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın
dünya miqyasında idman mərkəzi kimi mövqeyini gücləndirmişdir.
Formula 1 yarışlarının ölkəyə turist axınını əhəmiyyətli dərəcədə
artırması idmanın iqtisadi və turizm baxımından da strateji rolunu
təsdiqləyir”.

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev çıxışında
Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya
Kubokuna xüsusi diqqət yetirildiyini bildirib.

“Bu, Azərbaycanın qış idman növləri sahəsində də beynəlxalq
arenaya çıxmasının göstəricisidir. Şahdağ Turizm Xizək Mərkəzinin
inkişafı minlərlə iş yerinin yaradılmasına, regionun
sosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Eyni zamanda Qarabağ
və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur gələcəkdə idman
yarışlarının keçirilməsi üçün geniş imkanlar açır. Bakı şəhərinin
“Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizdə idmana verilən
beynəlxalq qiymətin bariz nümunəsidir. Bu titul Azərbaycanın son
illər ərzində idman sahəsində qazandığı uğurların məntiqi
nəticəsidir”.

S.Mikayılova qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin
bu çıxışı Azərbaycanın idman siyasətinin uğurlu, ardıcıl və
çoxşaxəli olduğunu göstərir.

“İdman ölkənin beynəlxalq nüfuzunun artmasına, gənclərin sağlam
və vətənpərvər ruhda tərbiyəsinə, regionların inkişafına və milli
birliyin möhkəmlənməsinə xidmət edir. Bu çıxış bir daha sübut edir
ki, idman Azərbaycanda yalnız yarış meydanı deyil, həm də güclü
dövlət quruculuğunun mühüm dayaqlarından biridir”, – deyə
S.Mikayılova fikrini tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir