
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal
olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat
təşkil edib.
Trend bu
barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5
faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal
olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olub. İstehsalın
ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli
xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2025-ci il
vəziyyətinə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış
və satış üçün nəzərdə tutulmuş 48 milyon manat məbləğində digər
məhsullar da mövcud olub.
Qeyd edək ki, ümumi ölk üzrə sənaye müəssisələri və bu sahədə
fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin
yanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal
edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri
neft-qaz sektorunda isə 4,8 faiz artıb. Sənaye məhsulunun 60,6
faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4
faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların
təmizlənməsi və emalı sektorunda istehsal olunub.

