
Bakı. Trend:
Türkiyə mediasında Yalovada İŞİD terrorçuları ilə polis qüvələri
arasında qanlı atışmanın baş verdiyi yaşayış evinin görüntüləri
yayılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Polis əməkdaşları ərazidə terrorçuların başqa sığınacaqlarının
və ya silah-sursat saxlanclarının ola biləcəyi ehtimalını nəzərə
alaraq bölgədə geniş təhlükəsizlik tədbirləri həyata keçirir
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılmış
əməliyyatda 3 polis zabiti şəhid olub, 6 terrorçu məhv edilib, 5-i
isə sağ ələ keçirilib.
xxx
15:35
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç respublikanın
şimal-qərbində yerləşən Yalova şəhərində İŞİD terror qruplaşmasının
silahlıları ilə polis arasında baş verən atışmadan sonra beş
nəfərin saxlanıldığını bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Yalova vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı
cinayət işi başlanıb, istintaqın aparılması üçün beş prokuror təyin
edilib. Beş şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib”,
– nazir bildirib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bundan əvvəl
Yalovada ekstremistlərlə baş verən atışma nəticəsində üç polis
əməkdaşının həlak olduğunu, səkkizinin isə yaralandığını
bildirmişdi. Altı terrorçu zərərsizləşdirilib, onların hamısı
Türkiyə vətəndaşı olub.
xxx
10:14
Türkiyənin Yalova şəhərində yerli Polis İdarəsinin Terrorla
Mübarizə Şöbəsinin əməkdaşları gecə saat 03:30 radələrində İŞİD
terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.
Qeyd olunub ki, əməliyyat zamanı baş verən silahlı toqquşmada 7
polis əməkdaşı yaralanıb. Hadisə ilə əlaqədar Bursa vilayətindən
Xüsusi Təyinatlı dəstək qrupları əraziyə cəlb olunaraq əməliyyat
dəstəyi göstərilib.
Yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya yerləşdirilib və
ilkin tibbi qiymətləndirmələrə əsasən, yaralıların həyatları üçün
təhlükə yoxdur.
Məlumata görə, Bursa xüsusi təyinatlılarının gəlişindən sonra
silahlı toqquşma 6 saata yaxındır ki, davam edir. Atışmanın
küçələrdə getdiyi bildirilir.
Toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə tədris
müvəqqəti dayandırılıb, ərazidə qaz və elektrik enerjisinin nəzarət
məqsədilə kəsildiyi, mülki şəxslərin və nəqliyyat vasitələrinin
əraziyə girişinə icazə verilmədiyi qeyd olunub.

