
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 69
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 142,4
min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin
göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 132,5 milyon ABŞ
dolları və ya 65,8 faiz, həcm baxımından isə 227,2 min ton və ya
61,5 faiz azdır.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Türkiyəyə 369,6 min
ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac
olunmuşdu və bu ixracın ümumi dəyəri 201,5 milyon dollar təşkil
edirdi.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan
dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və
neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi
dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

