
Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian daxili işlər nazirinə
etirazçıların nümayəndələri ilə danışıqlar aparması barədə göstəriş
verib.
Trend-in
məlumatına görə, bununla əlaqədar İran prezidenti “X” sosial
platformasındakı hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, danışıqlar yolu ilə etirazçıların
haqlı tələbləri dinlənəcək və hökumət var-gücü ilə problemlərin
aradan qaldırılmasına və məsuliyyətli şəkildə cavabdeh olmağa
çalışacaq.
İran prezidenti qeyd edib ki, vətəndaşların məişət qayğıları
hökumətin günlük məsələsidir. Ölkədə pul və bank sistemində
islahatların aparılması və vətəndaşların alıcılıq qabiliyyətinin
qorunması məqsədilə əsaslı addımların atılması gündəmdədir.
Qeyd edək ki, ötən gün İranda bazar ticarətçiləri İran
valyutasının (İran rialı) xarici valyutalar qarşısında hər gün
dəyərini itirməsi görə etiraz aksiyaları keçiriblər.
İranda son günlərdə xarici valyutalar qarşısında İran rialı
dəyərini itirməkdə davam edib. Ötən gün (29 dekabr) 1 ABŞ dolları
Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 755 min rial təşkil etsə də,
qara bazarda 1,4 milyon riala alqı-satqı olunur.

