Azərbaycanın qeyri-neft məhsulları ixracı 7%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq
3,3 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-noyabr
aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard
ABŞ dollarına bərabər olub.

Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq
dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz
179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan
hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimya
sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq
iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları
və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ
dolları və ya 2% artıb.

2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac
27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər
olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı
19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci,
karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə
qərarlaşıb.

2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft
sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları)
birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları)
ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ
dolları) isə üçüncü yerdə qərarlaşıb.




Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ
dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon
ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə
190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal
ixrac olunub.

2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon
ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6
milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya
isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal
ixrac edilib.

2025-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited
Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime
Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel
Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP
Alüminium” MMC,“TABATERRA”QSC, “UYTROP” Məhdud Məsuliyyətli
Cəmiyyəti, “KHAN-EL” MMC ,”P-AQRO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,
“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Qaz İxrac İdarəsi,”Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC, “Socar-Dalğıc” MMC, “İstisu” mineral su zavodu MMC, “Azərbaycan Dəmir yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının
Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16,4
milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri
ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir
onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr
ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları
dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2
milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə
İsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları ilə
Nigeriya qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir