
Bakı. Trend:
Azərbaycanın mobil elektron identifikasiya üzrə milli sistemi
olan “Asan İmza” hər il təxminən ÜDM-in 2%-i həcmində vəsaitə
qənaət etməyə imkan verir.
Trend bu barədə
Asiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumat
verir.
AİB-in hesabatına görə, “Asan İmza” maliyyə institutlarına,
mobil operatorlara və dövlət orqanlarına istifadəçilərin
şəxsiyyətini rəqəmsal formatda təsdiqləməyə, eləcə də onlayn
bankçılıq da daxil olmaqla rəqəmsal xidmətlərin alınması zamanı
elektron imzadan istifadə etməyə şərait yaradır.
Sistem dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir.
Layihənin əsas iştirakçıları milli sertifikatlaşdırma orqanı kimi
çıxış edən ASXM Sertifikat Xidmətləri Mərkəzi, xidmət provayderi
“B.EST Solutions”, “Azercell”, “Azerfon” və “Bakcell” mobil
operatorları, son istifadəçilər, həmçinin dövlət qurumları və
banklar da daxil olmaqla xidmət təminatçılarıdır.
AİB analitikləri vurğulayırlar ki, “Asan İmza”nın tətbiqi
səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına və inzibati xərclərin
azalmasına səbəb olub. Belə ki, hazırda vergi bəyannamələrinin
90%-i, əmək müqavilələrinin 100%-i və gömrük bəyannamələrinin
100%-i onlayn qaydada rəsmiləşdirilir. Bundan əlavə, B2B
seqmentində bütün hesab-fakturalar rəqəmsal formatda tərtib olunur,
şirkətlərin qeydiyyatı isə cəmi beş dəqiqə çəkir.
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın bütün iri
bankları müştərilərin identifikasiyası üçün “Asan İmza”dan istifadə
edir ki, bu da KYC (müştərini tanı) və AML (çirkli pulların
yuyulmasına qarşı mübarizə) prosedurlarını xeyli sadələşdirib.
“Bunun nəticəsində Azərbaycan hökuməti hər il ÜDM-in 2%-i
səviyyəsində qənaətə nail olub. İşləyən vətəndaş tərəfindən
istifadə edilən hər bir rəqəmsal imza ölkəyə ildə təxminən 1 avro
və beş günədək zamana qənaət etməyə imkan verir”, – AİB-in
sənədində qeyd olunub.
Məlumata görə, mobil e-ID həlli ölkədə rəqəmsal və maliyyə
uçurumunun azalmasına töhfə verib.
“Belə ki, vergi ödəyiciləri kompüterdən və ya internetə çıxışdan
istifadə etmədən ixtisaslaşmış qaynar xətt vasitəsilə
bəyannamələrini təqdim edə bilirlər. Eyni zamanda, istifadəçilər
xidmət təminatçıları ilə qarşılıqlı əlaqə zamanı telefon vasitəsilə
maliyyə xidmətlərindən yararlanmaq və şəxsiyyətlərini təsdiqləmək
imkanı əldə edirlər”, – deyə hesabatda bildirilir.

