AİB Azərbaycanda fintex və rəqəmsal ödənişlərin inkişafı ilə bağlı tövsiyələrini bölüşüb

Baş səhifə

Bakı. Trend:

Hüquqi bazanın təkmilləşdirilməsi, innovativ həllərin tətbiqi
üçün daha əlverişli şəraitin yaradılması, yerli və beynəlxalq
maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin
kommersiya banklarının fintex sahəsinə cəlb edilməsi Azərbaycanın
fintex ekosisteminin inkişafını yeni mərhələyə çıxarmaqda həlledici
rol oynaya bilər.

Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının son hesabatında qeyd
olunur.

“İnnovasiyaların maliyyələşdirilməsi üçün mövcud mənbələrin
məhdudluğu şəraitində dövlət stimulları innovasiyaların hazırlanma
mərhələsindən real istehlakçı tələbatlarının ödənilməsi səviyyəsinə
keçidi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Mərkəzi
Bankı innovativ həllərin bazara çıxarılmasını sürətləndirmək,
rəqabəti artırmaq və dayanıqlı maliyyə innovasiyalarının
dəstəklənməsi ilə bağlı problemləri həll etmək məqsədilə
tənzimləyici “sandbox” yaradıb. Yeni xidmətlərin sınaqdan
keçirilməsi üçün bu platformadan istifadə ödəniş kartlarının və
elektron pulların emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin
sayını artıra, həmçinin maliyyə əlçatanlığının genişləndirilməsi
üçün agent şəbəkəsinin formalaşmasına töhfə verə bilər”, – deyə
AİB-in hesabatında vurğulanır.

Bankın analitikləri bildirirlər ki, yeni ödəniş xidmətlərinin
(məsələn, köçürmələr, elektron pullar və ödəniş kartları) təqdim
edilməsi və açıq interfeyslər (API) texnologiyasının inkişafı
rəqabət üçün yeni imkanlar yaradacaq.




“Həm bank, həm də fintex sektorlarının kəsişməsi innovasiyalar
üçün əlavə imkanlar açır. Bir sıra hallarda Azərbaycan bankları və
fintex şirkətləri qarşılıqlı asılı vəziyyətə düşürlər. Bəzi fintex
şirkətləri ödəniş aqreqatoru kimi çıxış edərək kütləvi xidmətlər
üzrə rəqəmsal ödənişlərin qəbulu üçün kommersiya banklarına zəruri
keçid imkanları təqdim edirlər. Onlar banklar adından nağd
ödənişlərin qəbulu üçün geniş ödəniş terminal şəbəkəsi
formalaşdırırlar. Eyni zamanda, kommersiya bankları fintex
şirkətlərini rəqəmsal ödənişlərin həyata keçirilməsi üçün
platformalarla təmin edirlər. Bu cür əməkdaşlıq rəqəmsal maliyyə
xidmətləri bazarının inkişafını dəstəkləyir”, – deyə hesabatda qeyd
olunur.

AİB bildirir ki, maliyyə əlçatanlığı Azərbaycanın iqtisadi
artımının mühüm aspektinə çevrilib və bu proses maliyyə
texnologiyalarının sürətli inkişafı ilə müşayiət olunur. Maliyyə
əlçatanlığını artıran xidmətlər əsasən banklar, qeyri-bank kredit
təşkilatları və sığorta şirkətləri tərəfindən təqdim edilir.

“Ödəniş xidmətləri və sistemləri haqqında qanunun qəbul edilməsi
fintex startapları üçün “sandbox” rejimini açacaq və onlara məhsul
və xidmətlərini daha əlverişli şərtlərlə sınaqdan keçirməyə imkan
verəcək. Açıq API texnologiyasının tətbiqi prioritet layihəyə
çevrilməlidir. Artıq hazırlanmış “Açıq bankçılıq üzrə Yol Xəritəsi”
əsasında hökumət fintex şirkətlərinin rəqəmsal ödəniş sistemlərində
birbaşa və ya dolayı iştirakını təmin edə bilər ki, bu da
tranzaksiya xərclərini azaldacaq və ödəniş əməliyyatlarının
səmərəliliyini artıracaq. Eyni zamanda, beynəlxalq maliyyə
institutları ilə əməkdaşlıq və təcrübə mübadiləsi üçün Azərbaycan
Fintex Assosiasiyasının platforması genişləndirilməlidir ki,
qabaqcıl beynəlxalq təcrübələr tətbiq edilsin və innovativ həllərin
istifadəsi sürətləndirilsin. İnfrastruktur sahəsində isə hökumət
telekommunikasiya sektorunda dövlət müəssisələrinin
özəlləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər ki, bu da
şəffaflığı artıracaq və böyük ehtimalla investisiyaların və
innovasiyaların artmasına gətirib çıxaracaq”, – deyə AİB-dən
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir