
Bakı. Trend:
2025-ci il Azərbaycan Respublikası Dövlət Neft Fondu
(ARDNF/SOFAZ) üçün həm strateji, həm də maliyyə baxımından uğurlu
il oldu. Fond yalnız aktivlərini artırmaqla kifayətlənmədi, eyni
zamanda dayanıqlı enerji, infrastruktur və beynəlxalq investisiya
sahələrində strateji addımlar ataraq gələcək nəsillər üçün ölkənin
iqtisadi zəminini möhkəmləndirdi. Cari ilin 3-cü rübündə ARDNF-in
aktivləri 16,9% artaraq 70,2 milyard ABŞ dollarına çatdı ki, bu da
ÜDM-in 91,2%-i səviyyəsində dayanıqlı sərvət fondu yaratdığını
təsdiqləyir.
Fondun ümumi maliyyə göstəriciləri
Bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13
milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8
milyon manat təşkil edib.
9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7
milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının
satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və
tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6
milyon manat gəlir əldə edib. Quruma “Azəri-Çıraq-Günəşli”
yatağından 6 milyard 183,9 milyon manat, “Şahdəniz” yatağından isə
697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə
olunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manat
olub.
Hesabat dövründə ARDNF dövlət büdcəsinə 10 milyard 860,8 milyon
manat transfert edib (9 ay ərzində Azərbaycan Mərkəzi Bankının
iştirakı ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon
ABŞ dolları məbləğində vəsait satıb). Maliyyə Nazirliyinin
açıqladığı ən son rəqəmlərə əsasən isə, bu ilin yanvar-noyabr
aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə
transfertlər 13 milyard 274,3 milyon manat təşkil edib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur. Bu il ARDNF
büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməli olduğundan,
Fond tərəfindən 11 aylıq ödəniş tam icra edilib.
Bundan başqa, bu ilin ilk 9 ayında ARDNF “2019-2023-cü illər
üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın
maliyyələşməsinə 26,1 milyon manat yönəldib, idarəetməyə isə 22,9
milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq
hesabına büdcədənkənar gəlirləri isə 15 milyard 66,1 milyon manat
təşkil edib.
Hesabat dövründə ARDNF-in aktivlərində müşahidə olunan artım
əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və
büdcədənkənar gəlirlər hesabına formalaşıb.
Eyni zamanda bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu
(ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona
çatdırıb. Məlumata görə, oktyabrın 1-nə ARDNF-in investisiya
portfelində qızılın xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i
ilə müqayisədə 4 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə
yanaşı, onun qiymətinin artması da rol oynayıb.
Maliyyə bazarları baxımından, III rübdə müşahidə olunan nisbətən
sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik
dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına
səbəb olub. Avrozona və Böyük Britaniyanın 10 illik dövlət
istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma
tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsi
ilə Fondun borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.
Qlobal səhm bazarları III rübdə güclü performans göstərərək,
əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib.
Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas
indekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rüb
ərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinə
əhəmiyyətli dərəcədə töhfə verib.
Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum
səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal
miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi bankların həyata
keçirdiyi iri məbləğli alışlar və digər mənbələrdən mövcud tələbat
qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu
amillər Fondun qızıl altportfelinin performansını əhəmiyyətli
dərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfə
verib.
Strateji beynəlxalq investisiyalar
ARDNF 2025-ci ildə bir sıra strateji investisiyaları uğurla
həyata keçirib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu
(ARDNF) bu ilin may ayının sonunda Əbu-Dabidə yerləşən, qlobal
alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”)
tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə
“ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ
dolları həcmində investisiya yatırıb. Bu investisiya ARDNF-nin
dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar
vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq
həyata keçirilib və Fondun Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionu
ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.
Bundan başqa, bu ilin iyulunda Fond və bərpa olunan enerji
sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti,
ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş
fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-lik
pay əldə etməsini nəzərdə tutan müqavilə imzaladı. Bu investisiya
illik 685 milyon kilovat-saat enerji istehsalını təmin edərək 250
minə yaxın ailənin enerji tələbatını qarşılayacaq və karbon
emissiyasını 184,950 ton azaldacaq.
Eyni zamanda ARDNF il ərzində daha bir diqqətçəkən yatırım etdi.
Belə ki, ARDNF “Global Infrastructure Partners” fondu vasitəsilə
“Italo”ya sərmayə yatırdı. Şirkət İtaliyada 54 şəhəri birləşdirən
marşrutlarda fəaliyyət göstərir və dayanıqlı mobillik həllərinə
artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu
investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur
aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya
portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə
malikdir.
Dövr ərzində Çin ilə əməkdaşlıq baxımından da mühüm addım
atıldı. Bu ilin aprelində ARDNF ilə Çin İnvestisiya Korporasiyası
arasında Anlaşma Memorandumu imzalandı. Bu, Fondun qlobal
tərəfdaşlıq imkanlarını genişləndirir və Asiya bazarına çıxışı
təmin edir.
ARDNF 2025-ci il ərzində beynəlxalq platformalarda aktiv
iştirakını davam etdirib. Nüfuzlu “Global SWF” platforması
tərəfindən “Ayın Fondu” seçilib. Eyni zamanda CFA İnvestisiya
Konfransında və Pekində ESG (Ətraf mühit, Sosial və Korporativ
idarəetmə) təcrübəsini təqdim edib. Bundan başqa, ilk dəfə təşkil
olunan “Gələcəyimizə İnvestisiya” proqramı vasitəsilə investisiya
sahəsində karyera qurmaq istəyən 8 tələbə qız mentorluq dəstəyi ilə
real iş mühitində təcrübə qazanıb.
Dayanıqlı enerji və investisiya
portfeli
2025-ci ildə ARDNF-in diqqət mərkəzində dayanıqlı enerji və
infrastruktur sahələri olub. İtaliyadakı günəş stansiyaları
portfeli və “Italo” sərmayəsi, həmçinin qlobal enerji və nəqliyyat
infrastrukturuna yatırımlar, Fondun uzunmüddətli strateji
hədəflərinə uyğun olaraq sabit və proqnozlaşdırıla bilən gəlir
mənbələri yaradıb.
Beynəlxalq qiymətləndirmələr
2025-ci ildə ARDNF-in fəaliyyəti beynəlxalq maliyyə institutları
tərəfindən yüksək qiymətləndirilib. Belə ki, “Moody’s”, “Fitch” və
“S&P” Fondun aktivlərinin dayanıqlığını, uzunmüddətli
investisiya strategiyasını və Azərbaycanın iqtisadi sabitliyinə
verdiyi töhfəni xüsusi vurğulayıblar.
“S&P Global Ratings”in hesabatında ARDNF-in əhəmiyyətli
aktivləri fonunda Azərbaycanın fiskal və xarici buferlərinin
şoklara qarşı dayanıqlı olduğu vurğulanır. “S&P” qeyd edir ki,
ARDNF-də toplanmış valyuta aktivləri xarici şoklar və qiymət
dövrlərində mənfi təsirlərin öhdəsindən gəlmək üçün kifayət qədər
imkan yaradır.
“Fitch Ratings” isə proqnozlaşdırır ki, ARDNF-in aktivləri
qiymət artımları sayəsində davamlı artacaq və xarici ehtiyatlar
2025–2027-ci illərdə tam dayanıqlı qalacaq.
Bu rəylər ARDNF-in təkcə maliyyə göstəricilərini deyil, həm də
strateji və idarəetmə yanaşmasını qlobal səviyyədə tanıdığını
göstərir.
Beləliklə, ARDNF 2025-ci ildə aktivlərini gücləndirərək
beynəlxalq investisiyalarda iştirakını genişləndirmiş, dayanıqlı
enerji və infrastruktur sahələrində strateji addımlar atmışdır.
Fond həm maliyyə göstəricilərində, həm də sosial məsuliyyət və ESG
prinsiplərində lider mövqeyini qoruyaraq, Azərbaycanın gələcək
nəsilləri üçün dayanıqlı iqtisadi zəmin yaratmağa davam edir.

