Həmrəylik Günü xalqımızın birliyini, soydaşlarımızın həmrəyliyini əks etdirir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Müasir, müstəqil, qalib Azərbaycanın dünəni, bu günü və gələcəyi
ilə bağlı çağırışlar Ulu Öndər Heydər Əliyev siyasətinin
təntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi
və sarsılmaz etməklə yanaşı, ölkəmizin inkişaf yolunun
parametrlərini müəyyənləşdirdi. Ümummilli Liderimizin xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk gündən qarşıya qoyduğu
əsas hədəflərdən biri Azərbaycanın müstəqilliyini, suverenliyini
daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya
azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında
sıx birləşməsi, həmrəyliyi məsələsi oldu.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Deputat bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev hələ
hakimiyyətinin birinci dövründə azərbaycançılıq ideologiyasının
inkişafını, təbliğini prioritet məsələ kimi qarşıya qoyaraq bu
istiqamətdə önəmli addımlar atmışdı:

“Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı
qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına şərait
yaratdı, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin
etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına
çevrildi. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsində dünya
azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində mühüm tarixi
qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da
keçirilən iclasında 31 dekabr tarixinin dünya azərbaycanlılarının
həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul olundu.
Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün
ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə
müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin
Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun
qəbul etdi və həmin vaxtdan etibarən bütün azərbaycanlılar bu günü
ən əziz bayramlarımızdan biri kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyini, onların vahid amal
ətrafında təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu
Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqımızın
birliyi və ideoloji həmrəyliyi yolunda inamlı addımlar atdı. Artıq
həmin vaxtdan indiyədək Həmrəylik Günü Azərbaycanda və dünyanın
70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə
əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində
mühüm rol oynayır”.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər
Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq
mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə
çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının
dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu
müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə
səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid
anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız
yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların
milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil,
suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan
dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına
və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına,
yaşamasına qayğı təşkil edir. Ulu Öndərin “Hər bir insan üçün onun
milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı artıq hər
bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dünyanın müxtəlif
ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına
nail olan Ümummilli Lider Heydər Əliyev onların bir mərkəzdən idarə
olunmasını təmin etmək üçün Dünya Azərbaycanlılarının Qurultayının
keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin noyabrında
Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay
soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif
ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının
artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi
həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti
idi. Qurultaydan sonra, daha dəqiq desək Ümummilli Lider Heydər
Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki
soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi
məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi)
yaradılması, həmin il dekabrın 27-də isə Milli Məclis tərəfindən
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”
Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və
təşkilatlanması prosesini daha da gücləndirdi.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi
kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev
hazırda diaspor quruculuğu istiqamətində müasir dövrlə səsləşən
genişmiqyaslı siyasət həyata keçirir. Dövlətimizin başçısı xaricdə
yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını
Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri hesab edir. Son
22 ilin mühüm hadisələrindən biri də Ümummilli Liderin Dünya
Azərbaycanlılarının Qurultayının keçirilməsi sahəsində əsasını
qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsidir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının
II Qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq
2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı
xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə
diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu,
ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
işində əhəmiyyətli rol oynadı. Sonrakı illərdə Dünya
Azərbaycanlılarının III, IV qurultayları keçirildi.

Vətən müharibəsində tarixi Zəfərimizdən ötən 5 ilin əlamətdar
hadisələrindən biri də məhz Qarabağın tacı, döyünən ürəyi Şuşanın
şahidliyi ilə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V-
Zəfər Qurultayının keçirilməsidir. Həmin Qurultaydakı çıxışında
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının
Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu,
təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya
azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər
adı xalqımıza çox yaraşır” söyləyən Prezident İlham Əliyev onu da
bildirdi ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir
və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq,
Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi
Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir
daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə
fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə
Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki,
müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın
düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı
cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə
layiqli töhfə oldu. O da qeyd edilir ki, “Dəmir yumruq” bizim Zəfər
salnaməmizin, birliyimizin rəmzi idi.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad Qarabağımızda
və Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa-quruculuq işləri həyata
keçirilir. Böyük Qayıdış Proqramının uğurlu icrası sakinlərinə
qovuşan şəhər, kənd və qəsəbələrimizin sayında da özünün aydın
ifadəsini tapır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
ərəfəsində sakinlərinə qovuşan Füzuli, Laçın, Xocalı, Şuşa,
Cəbrayıl, Kəlbəcər şəhərlərinin sırasına Ağdam şəhərinin də adı
yazıldı. Ümumiyyətlə, bu il soydaşlarımızın növbəti qayıdış
ünvanları Kəlbəcər və Ağdam şəhərləri oldu. Qısa zamanda görülən
işlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və
Memarlıq İli” elan edilməsi də mühüm çağırışların təqdimatıdır.
Azərbaycan tarixi Zəfərimizdən ötən beş ildə də şəhərsalmanın
müasir təcrübəsini dünyaya təqdim edir. Ağdam, Zəngilan və Xankəndi
şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları
2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sesiyasına gedən yolun başlanğıcı oldu.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə vurğulayıb ki,
birliyimiz, həmrəyliyimiz uğurlarımızı şərtləndirən əsas
amillərdəndir:

“Birliyimiz sayəsində necə torpaqlarımızın işğaldan azad
edilməsinə nail olduqsa, o cür də bu ərazilərimizi cənnətə
çevirəcək, soydaşlarımızın tam şəkildə öz doğma yurd-yuvalarına
qayıdışının sevincini yaşayacağıq. Prezident İlham Əliyevin “Bizim
xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar
öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət
ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz
Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir.
Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir
vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan
dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü
Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər” çağırışı dünənimizə və bugünümüzə baxış,
gələcəyimizə çağırışdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir