
Bakı. Trend:
Markerlərə əmək haqqı ödənilməsi qaydalarına əsasən, ödənişlər
imtahan nəticələrinin elan olunmasından və nəticələrə dair
iştirakçıların müraciətlərinin araşdırılmasından sonra həyata
keçirilir. Bütün bu şərtlər müqavilədə əvvəlcədən qeyd olunur və
marker öncədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hər
hansı bir gecikmə baş vermir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yazı işlərinin yoxlanılması prosesində iştirak
edən markerlərə əmək haqqı ödənişi təsdiq olunmuş tariflərə uyğun
olaraq müqavilə əsasında ödənilir:
“Tariflər tapşırıqların cavablandırılması üçün tələb olunan
mərhələ saylarına və yazı işlərinin yoxlanılmasına sərf olunan orta
vaxtlara əsasən müxtəlif kateqoriyalara bölünür. Kateqoriyalar üzrə
tariflər 1 yazı işi üçün 8 qəpikdən (1 ədəd yazı işinin
yoxlanılmasına 9 saniyədən az vaxt sərf olunduqda) 35 qəpiyə qədər
(1 ədəd yazı işinin yoxlanılmasına 40 saniyədən çox vaxt sərf
olunduqda) dəyişir. Bəzi işlərin yoxlanılmasına (məsələn, xarici
dil və yeni növ tapşırıqlar) isə 1 manat 10 qəpik ödəniş
edilir.
Ödəniş məbləği markerin yoxladığı işlərin kateqoriyasına və
sayına görə fərqlənir. Markerin yoxlama keyfiyyəti ona təqdim
olunan tapşırıqların sayına təsir göstərir, yəni keyfiyyətli
yoxlama aparan marker daha çox yazı işi qiymətləndirdiyi üçün daha
yüksək əmək haqqı alır”.
Qeyd olunur ki, 2025-ci ildə yazı işlərinin yoxlanılması ilə
bağlı markerlərə ümumilikdə 1,1 milyon manatdan çox əmək haqqı
ödənilib.
“Kampaniya dövründə buraxılış imtahanı fənləri (Azərbaycan dili,
riyaziyyat, rus dili və xarici dil) üzrə bir markerə orta hesabla
1400-1500 manat, bütün fənlər üzrə isə bir markerə orta hesabla
700-800 manat əmək haqqı ödənilib.
Qaydalara əsasən, ödənişlər imtahan nəticələrinin elan
olunmasından və nəticələrlə bağlı iştirakçıların müraciətlərinin
araşdırılmasından sonra həyata keçirilir, çünki apellyasiya
prosesinin nəticələri ödənişlərə təsir göstərə bilər. Məsələn, əgər
marker səhvə yol veribsə, həmin yoxlama işi üçün ödəniş verilmir.
Bütün bu şərtlər müqavilədə əvvəlcədən göstərilir və marker
əvvəlcədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hər
hansı bir gecikmə baş vermir”, – məlumatda əlavə edilib.
Qeyd edək ki, təhsil ekspertləri televiziya kanallarına
verdikləri müsahibələrdə marker müəllimlərin əmək haqqı
məbləğlərinin çox aşağı olduğunu və ödənilməsinin aylarla
gecikdiyini iddia edirlər.

