
Bakı. Trend:
Bu gün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür.
Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar
minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan
ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr
veriblər.
Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən
ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb,
azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb,
deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə
doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda
dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə
məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq
imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan
xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini
artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il
dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri)
açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı
sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların
Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan
Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

