Aİ-92 markalı benzin 5 qəpik bahalaşıb

Baş səhifə

Bakı. Trend:

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1
manat 15 qəpiyə qaldırılıb.

Trend-in
məlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərar
verib.

Bildirilib ki, son illərdə iri şəhərlərin artan əhalisi və
şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat
sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına
səbəb olub.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının
dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin
və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər
və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən
daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin
sentyabrında “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu
yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobil
benzini, dizel və maye qazın hər litrinə görə yol vergisinin Fonda
köçürülən hissəsi müəyyən edilib.




Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə
görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə
Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10
qəpikdən 1 manat 15 qəpiyə
dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat”
Məqsədli Büdcə Fonduna yönəldilməklə əhaliyə daha keyfiyyətli
nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv
inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının
təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat
xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının
artırılması məqsədləri üçün istifadə olunacaq.

Vurğulanıb ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı
avtomobil benzininin pərakəndə satış qiyməti əksər ölkələrlə
müqayisədə yüksək deyil.

Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir