
Bakı. Trend:
Mineral gübrələrlə yanaşı, kənd təsərrüfatı sahəsində istifadə
olunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkib
hissələrini birləşdirən) gübrələrin də idxalı və satışı ƏDV-dən
azad edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Bildirilib ki, daha əvvəl yalnız mineral gübrələrin idxalı və
satışı ƏDV-dən azad idi.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə
əlçatanlığının artırılması, tullantı kimi ətraf mühitə atılan
xammalın emala cəlb edilməsi, torpaq resurslarının dayanıqlı
istifadəsi, habelə ekoloji kənd təsərrüfatı məhsulları istehsalının
artırılması məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral
gübrələrin də idxalı və satışı ƏDV-dən azad edilib.
Dəyişiklik nəticəsində orqanomineral (üzvi, üzvimineral)
gübrələrin qiymətinin aşağı düşməsi, beləliklə kənd təsərrüfatı
məhsullarının maya dəyərinin azalması, məhsuldarlığın yüksəlməsi
proqnozlaşdırılır.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

