
Bakı. Trend:
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi
qaydalarında dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik
edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri
ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi
reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət
büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta
vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına
həyata keçiriləcək.
Həmçinin deputatlar, hərbi qulluqçular, məhkəmə və hüquq
mühafizə orqanları işçilərin və diplomatik nümayəndəlik və
konsulluqlarda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının
həyat və sağlamlığı dövlət icbari şəxsi sığorta
olunacaq.
Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsi
sığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digər
istiqamətlərlə yanaşı, müharibə ilə əlaqədar əlilliyi
müəyyən edilmiş şəxslər və şəhid ailələrinin sosial
müdafiəsi və sosial təminatına da yönəldilir.
Dəyişikliyə əsasən, bu vəsaitin istifadə istiqaməti
genişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərə
yönəldiləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

