
Bakı. Trend:
Dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində özəl tərəfdaş və
ya layihə şirkətinin tikinti işlərinə cəlb edilmiş podratçılarına
layihənin dəyərinə aid edilən texnikanın, texnoloji avadanlıqların
və qurğuların idxalı ƏDV-dən azad edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi
güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə
müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti
işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin
layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl
tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi
üçün nəzərdə tutulan müddətdə ƏDV-dən azad edilib.
Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji
mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən
aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə
istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”
Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma
müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti
dövrü də daxil olmaqla) çox olmayaraq ƏDV-dən azad edilib.
Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş
və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı
haqqında” Qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı
müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti
dövrü də daxil olmaqla) çox olmayaraq ƏDV-dən azad edilib.
“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi
barədə Qanun
Aşağıda göstərilən hallarda və müddətlərdə “Dövlət-özəl
tərəfdaşlığı haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş dövlət
tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji
avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı
gömrük rüsumlarından azad edilib:
- dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş
və ya layihə şirkəti olan şəxslər tərəfindən – “Dövlət-özəl
tərəfdaşlığı haqqında” Qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl
tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən
(tikinti dövrü də daxil olmaqla) çox olmayaraq; - dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən
istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl
tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi
podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə
aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində
tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan
müddətdə.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

