
Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial
Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil
olunub.
Trend xəbər verir ki, bayram
tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və
Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar
şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii
kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər.
Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə
yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji
mühit, reabilitasiya və inkişaf yönümlü xidmət modelləri ilə
maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar .
Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları
ilə maraqlanıb, bayram sevincini bölüşüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat
verib. Bildirilib ki, “Tut Əlimdən” Uşaqlar üçün Sosial
Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn
himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz,
sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial
adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə
fəaliyyət göstərir. Qeyd olunub ki, uşaqların psixososial rifahının
gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması
mərkəzin əsas prioritetləri sırasındadır.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub,
onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.
Tədbir çərçivəsində Leyla və Arzu Əliyevalar “AzərEnerji” ASC
tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən
avtomaşına da baxış keçiriblər. Qeyd olunub ki, nəqliyyat vasitəsi
mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların
müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli
təşkilinə töhfə verəcək.
Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət
şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

