
Bakı. Trend:
Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının
artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir.
Bunu Trend-ə
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri
polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa
müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik
məsələsinə verdiyi önəmi göstərir:
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda
təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq
normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir
ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını
yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə
saxlamalıdır”.
Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü
və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət
çəkib:
“Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvələri öz
peşəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü
ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara
imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu
bir daha əyani şəkildə göstərdi.
Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando
Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də
xaricdən alınan texnikalar hesabına daha modern silahlarla
silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının
dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz
təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür
gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin
qarşısını anındaca almağa imkan verir.
Son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da
olduqca təqdirəlayiqdir.
Şübhəsiz, biz bütün bunlara görə Prezident İlham Əliyevə, onun
müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın
yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən
təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da
təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün
əsas şərtdir. Bu siyasət onu deməyə əsas verir ki, Azərbaycan
bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və
inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin
etməkdə davam edəcək”.

